26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Niyə neft-qaz gəlirləri Rusiyanı defoltdan xilas etməyəcək?

Bazar günü Rusiya hökuməti ehtiyat fonunda əlavə 273.4 milyard rubl (3.4 milyard dollar) ayıracağını açıqlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məbləğdən 271.6 milyard rubl 2022-ci ilin birinci rübümdə neft və qaz satışından əldə edilib.

Hökumətin bəyanatında deyilir ki, əlavə vəsait iqtisadi sabitliyin təmin edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məqsədilə istifadə olunacaq. Konsensus proqnozlarına görə, Rusiya iqtisadiyyatı bu il 10% kiçiləcək.

Bədbin mənzərəyə baxmayaraq, əmtəə ixracından əldə edilən gəlir və kapital axınına sərt nəzarət Moskvaya rublu sabitləşdirməyə və Qərb ölkələri tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar fonunda maliyyə çöküşünün qarşısını almağa kömək edib.

İndiyə qədər Rusiya iqtisadiyyatı neft və qaz gəlirləri üzərində dayanıb. Bununla belə, “S&P Global Ratings” Moskvanın xarici istiqrazlarının son tranşını rublla ödəyəcəyini bildirdikdən sonra Rusiyanın kredit statusunu “seçimli defolt” səviyyəsinə endirib.

Rusiya hərbi əməliyyatların başlanmasından bəri dollar istiqrazlarını ödəməyə davam edir, bir çox investorların Qərbin sanksiyaları və Rusiya valyutasına nəzarətinin ölkəni 1998-ci ildən bəri ilk xarici valyuta borcu ilə bağlı defolta aparacağı ilə bağlı proqnozlarını puça çıxarır.

Ötən həftə Moskva 84 milyon dollarlıq kupon ödənişini həyata keçirməli və 552 milyon dollarlıq istiqrazları geri almalı idi. Lakin Amerika bankları sanksiyalar fonunda dollar ödənişlərini qadağan etdiyinə görə ödənişlər rublla olub.

İndi Rusiyanın öhdəliklərini yerinə yetirmək üçün 30 gün vaxtı var. “S&P” hesab edir ki, bu mümkün olmayacaq və ölkə qaçılmaz olaraq defoltla üzləşəcək.

Qeyd edək ki, bütün beynəlxalq ödənişlərə deyil, yalnız bəzilərinə təsir edən defolt seçici hesab olunur. Rusiya öz növbəsində bildirib ki, defolt (əgər baş verərsə) süni olacaq, çünki ölkənin kifayət qədər pulu var.

“Fitch” reytinq agentliyi keçən ay xəbərdarlıq etmişdi ki, dollar faizlərinin Rusiya milli valyutası ilə ödənilməsi “defolt və ya defolta oxşar prosesin başlanması” demək olacaq.

Son xəbərlər
Oxşar xəbərlər