Niyə türkiyəli turistlər Azərbaycana az gəlirlər? – STATİSTİKA, TƏHLİL

Yanvarın 31-dən fevralın 3-dək Türkiyənin İstanbul şəhərində “EMİTT” – Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisi keçirildi.  Sərgidə dünyanın 30-dan çox ölkəsi təmsil olunurdu.

Ökəmiz 2003-cü ildən etibarən “EMİTT”də iştirak etsə də, ilk dəfədir ki, yeni brend konsepsiyası ilə dizayn olunmuş stendlə təmsil olunurdu. Bu, Azərbaycanın yeni brendi ilə iştirak etdiyi Londonda keçirilən “WTM”, Hindistanda keçirilən “SATTE” və Madriddə təşkil olunan “FİTUR” beynəlxalq sərgilərindən sonra sayca 4-cü sərgi idi. Adı çəkilən hər üç sərgi strateji baxımdan hədəf bazarlarda tanınmaq, təbliğat işləri aparmaq və əməkdaşlıq imkanlarını genişləndirmək üçün önəm daşıyırdı.

Bəs niyə məhz Türkiyədə keçirilən “EMİTT”?

Ən birinci bir faktı qeyd edək ki, 1997-ci ildən etibarən təşkil edilən “EMİTT” dünyanın ən böyük beş sərgisindən biri hesab olunur və hər il dünyanın müxtəlif qitələrindən onlarla ölkəni bir platformada birləşdirir.

Digər tərəfdən, Türkiyə Azərbaycan üçün bir sıra cəhətlərdən strateji ölkədir.  Uzunmüddətli qardaşlıq və dostluq əlaqələri, tarixi bağlılıq, iqtisadi və siyasi münasibətlərdəki yaxınlıq iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirir.

Turizm sahəsində iki ölkə arasında əlaqələr digər sahələrdən fərqli olaraq, çox da inkişaf etmiş, daha doğrusu ikitərəfli simmetrik inkişaf etmiş səviyyədə deyil.

Qardaş ölkə ilə turizmdə rəsmi əlaqələrimizin 27 yaşı var. Belə ki, 1992-ci ilin 2 noyabr tarixində Ankara şəhərində Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Ancaq təəssüf ki, iki ölkə arasındakı turizm əlaqələri daha çox azərbaycanlı turistlərin qonşu ölkəyə səfərləri ilə seçilir. İldən-ilə də xüsusilə yay mövsümündə Türkiyə çimərliklərinə üz tutan azərbaycanlıların sayında artım baş verir.

Məsələn, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin statistik məlumatlarına nəzər salsaq, 2002-2017-ci illəri əhatə edən 16 il ərzində Türkiyəyə səyahət edən azərbaycanlıların sayında  4 dəfədən çox artım olduğunu müşahidə etmiş olarıq.

Bu göstəricilərə uyğun olaraq, Azərbaycan 2017-ci il üçün Türkiyə turizm bazarını turistlə təmin edən ölkələr arasında ilk onluqda 10-cu yerdə qərarlaşıb.

Bütün bu rəqəmlərə baxmayaraq, Azərbaycan turistik bir ölkə kimi hələ Türkiyə üçün cəlbedici deyil. Məsələn, 2017 və 2018-ci illər üzrə  Azərbaycana səyahət edən türkiyəli ziyarətçilərin statistikasına baxsaq, Türkiyənin ilk 5-likdə olduğunu görərik.  2017-ci ilə nisbətdə 2018-ci il üçün türkiyəli səyahətçilərin 3.4 faiz azalması Türkiyənin bazar payının təxminən 1%-ni itirməsinə səbəb olsa da,  Türkiyə hələ də Rusiya, Gürcüstan və Yaxın Şərq regionundan sonra 291.300 nəfərlə 4-cü yerdə qərarlaşıb. 80 milyn əhaliyə malik olan bir ölkə üçün 291.300 nəfər o qədər də böyük rəqəm deyil.

Bəs türklər səyahət etməyi sevirlərmi?

Statistikaya əsasən, 2017-ci il ərzində türklər ən çox Gürcüstan, Yunanıstan, Bolqarıstan, Almaniya, İtaliya, İran və Azərbaycana səyahət ediblər. Bu səyahətlərin məhz turistik məqsədlərlə edildiyini demək çox çətindir. Ən azından Azərbaycana gələn Türkiyə vətəndaşlarının daha çox işgüzar məqsədlərlə ölkəmizə üz tutduqları məlumdur.

Əlbəttə, türk turistlərin diqqətini cəlb etmək də asan deyil. Məhz bu səbəbdən  Azərbayan üçün “EMİTT” sərgisində iştirak etmək, qardaş ölkədə öz turistik imkanlarını tanıtmaq xüsusi önəm daşıyırdı.

Sərgi ərzində Azərbaycan stendinə xeyli sayda ziyarətçi yaxınlaşaraq, ölkəmizə maraq göstərir, broşürləri vərəqləyir, gəzməli-görməli yerlərin olması, Azərbaycana hansı yollarla gəlməyin mümkünlüyü, viza almaq proseduru və s. digər mövzular barəsində suallar verirdilər.

Azərbaycan stendində “Salam Travel”, “Sulh Travel”, “Capital Travel”, “Silk Way” kimi turizm şirkətləri, “Shamakhi Palace”, AZAL və Heydər Əliyev Hava limanı təmsil olunurdular.

“Salam Travel” şirkətinin rəhbəri Elşən Rəhimovun fikrincə, DTA-dan əvvəl təşkil olunan sərgilərdə keyfiyyət daha aşağı idi.

Dediyinə görə, İsrail, İordaniya, hətta Filippin kimi ölkələrdən yaxınlaşıb Azərbaycan turist qruplarını gətirməyin asan yollarını maraqlanıblar. Bildirdiyinə görə, türklər Azərbaycana gəlməkdə maraqlıdırlar, sadəcə Türkiyədə irimiqyaslı təbliğat işləri aparılmayıb. Deyir ki, Türkiyədə turizm nümayəndəliyimizə ehtiyac var. Həm də  “EMİTT” başqa ölkələrlə ünsiyyət qurulması üçün əla fürsətdir.

“Sülh Travel” şirkətinin rəhbəri Elnur Həsənov deyir ki, şirkət olaraq bundan əvvəl Rusiyada, BƏƏ-də, Almaniyada sərgilərdə təmsil olunublar. O da “EMİTT” sərgisində  ölkəmizə diqqətin çox olmasından danışır.

“Silk Way Travel”in nümayəndəsi Səltənət Cəfərova sərginin gedişatından çox razı qalıb. O, kifayət qədər turizm şirkətləri ilə əlaqələr qura bildiyini, Azərbaycana marağın çox olduğunu bildirir.

“AZAL” və “Heydər Əliyev Hava Limanı” təmsilçisi Nigar Məmmədova stendin əvvəlki illərdən daha yaxşı təşkil olunduğunu bildirir.

Ancaq aydın olan bir fakt var idi ki, türk turizm şirkətlərindən daha çox Türkiyəyə turist cəlb etmək istəyən “incoming”də maraqlı olan şirkətlər çoxluq təşkil edirdi. Ənənəvi Antalya, Bodrum kimi təkliflərdən başqa Trabzon, Çanaqqala, sağlamlıq turizmi (türk xəstəxanalarına müştəri cəlb etmək), təhsil turizmi (Türkiyəyə tələbə cəlb etmək) kimi təkliflərlə yaxınlaşan turizm agentlikləri də var idi.

Sərgidə ən yadda qalan hadisə Türkiyənin Mədəniyyət və Turizm nazirinin Azərbaycan stendinə yaxınlaşması oldu. Bu, əlbəttə, Türkiyə tərəfindən Azərbaycana olan xüsusi münasibətin göstəricisi idi.

Stenddə dekorasiya kimi qoyulan narlara və milli şirniyyatlara maraq daha çox idi. Bir çoxları niyə məhz narın qoyulduğu ilə maraqlanır, Azərbaycan narının məşhur olub-olmaması ilə bağlı suallar verirdilər. Milli şirniyyətlarımız şəkərbura və paxlavanın dadını bəyənməyən isə yox idi. Stenddə şirniyyatlarla yanaşı milli çərəzlər də qonaqlara təqdim olunurdu.

Əlbəttə, stend olaraq Azərbcaycan stendi minimalizmi və müasir görünüşü ilə diqqət cəlb edirdi. Digər ölkələrin stendləri daha klassik və sadəcə peyzaj şəkilləri ilə əhatə olunmuşdu ki, bu da ilk baxışdan qarışıqlıq və qeyri-müəyyənlik effekti yaradırdı.

Ölkəmizin yeni loqo və brend konepsiyasına uyğun dizayn edilmiş stendi müasirliyi, dinamik quruluşu ilə digər ölkələrdən və standart dizaynlardan seçilirdi. Yəqin ki məhz bu səbəbdən stendimiz sərginin 3-cü günü təşkilatçılar tərəfindən “Ən yaxşı təşkil olunmuş stend” nominasiyasına layiq görüldü.

 

Bütövlükdə “EMİTT” sərgisinin ölkəmiz üçün uğurlu keçdiyini qeyd etmək olar.

 

Həm türk turistlərə ölkəmizi tanıtmaq, həm də vasitəçi sərgi kimi digər ölkələrlə əlaqələrin yaradılması baxımından “EMİTT” strateji və vacib sərgilərdəndir. Dünyanın 30-a yaxın ölkəsinin iştirak etdiyi sərgidə digər ölkələrin nümayəndələri yaxınlaşaraq Azərbaycan turizm şirkətləri ilə birbaşa ünsiyyət qurur, ölkəmizə turist gətirmək üçün müqavilə bağlamaq istədiklərini bildirirdilər.

Sərgi keçirilən məkanın şəhərin mərkəzindən çox uzaqda yerləşməsi (ən yaxşı halda ictimai nəqliyyatla təxminən 1 saat 50 dəqiqə, bir neçə dəfə metrobüs, metro, avtobus dəyişməklə) sərgiyə daha çox ziyarətçinin gəlməsinə mane olan amillərdən olsa da, ümumilikdə turizm fəaliyyəti ilə məşğul olan peşəkarlar üçün əngəl deyildi.

 

Azərbaycanın turizm potensialının tam həcmdə tanıdılması, ölkəmizin turistik baxımdan diqqətin cəlb edilməsi baxımından dünyaya açılmaq, beynəlxalq səviyyəli sərgilərdə iştirak etmək ən vacib amillərdəndir. Hər kəsi Azərbaycana yenidən və bir daha baxmağa dəvət etmək, bu qədim torpaqlarda müasirliklə tarixiliyin birləşdiyini göstərmək, minlərlə zövqün burada birləşdiyini çatdırmaq hazırki Azərbaycan turizminin qarşısında duran əsas vəzifədir.

©AzVision.az