10 C
Baku
Wednesday, December 11, 2024

Niyə 8 saatlıq iş günü effektiv deyil?

Səkkiz saatlıq iş günü – işə köhnəlmiş və effektsiz yanaşmadır. Əgər maksimum dərəcədə məhsuldar olmaq istəyirsinizsə, ondan qurtulmalısınız.

Qeyd edək ki, səkkiz saatlıq iş qrafiki sənaye inqilabı dövründə zavod işçilərinin fiziki əməyini azaltmaq məqsədi ilə yaradılıb. Bu nailiyyət 200 il əvvəl humanist sayılsa da, indiki vəziyyət başqadır.

Əcdadlarımız kimi, bizdən də səkkiz saatlıq iş gününə uyğunlaşmaq və fasiləsiz işləmək gözlənilir. Hələ bəziləri nahar fasiləsi zamanı da işləyirlər!

Günü təşkil etməyin ən yaxşı yolu

Bu yaxınlarda Draugiem Group kompüter proqramlarından istifadə edərək, işçilərin iş vərdişlərini izlədi. Proqram insanların məhsuldarlıq səviyyəsini, o cümlədən bu və ya digər tapşırıqlara nə qədər vaxt sərf etdiklərini hesabladı.

İşçilərin fəaliyyətinin ölçülməsi zamanı heyrətləndirici kəşflər edildi: əslində iş gününün uzunluğu deyil, onun necə təşkil edilməsi vacibdir. Üstəlik, iş zamanı tez-tez fasilə verənlərin müqayisədə daha məhsuldar olması üzə çıxdı.

Ən optimal variant 52 dəqiqə işləmək və sonra 17 dəqiqə istirahət etməkdir. Bu cədvələ sadiq qalmağı bacaran insanlar misilsiz dərəcədə konsentrasiyalı olurdular. Onlar təxminən bir saatı yalnız yerinə yetirməli olduqları işə həsr edirdilər. Eyni zamanda, sosial “bir dəqiqəlik” sosial şəbəkəyə girmirdilər, elektron poçtlarını yoxlamırdılar. Özlərini yoğun hiss etdikdə (təxminən bir saat sonra), qısa fasilə verirdilər və tamamilə işdən ayrılırdılar. Bu onlara işə ayıq qayıtmağa və daha məhsuldar olmağa kömək edirdi.

Beynin bir saat iş və 15 dəqiqə istirahətə ehtiyacı var

Bu sehrli nisbəti kəşf edən insanlar həyatda bir addım öndədirlər. Belə ki, onlar insan zehninin əsas ehtiyacını ödəyirlər: beynimiz təxminən bir saat böyük enerji ilə işləyir, 15-20 dəqiqə sonra isə bu “sürət” yavaşlamağa başlayır.

Bir çoxumuzu bu təbii enerji axını daha çox və az məhsuldar olduğumuz dövrlər arasında balans saxlamağa məcbur edir. Nəticədə, iş zamanı diqqətimiz tez-tez yayınır. Yorğunluq və tükənmənin qarşısını almağın ən yaxşı yolu iş gününü düzgün təşkil etməkdir. Bir-iki saat çox işləmək və yorğunluqla mübarizə aparmaq əvəzinə, məhsuldarlığınızın azaldığını hiss edən kimi fasilə verin.

Gününün daha məhsuldar olacağını bildiyiniz zaman fasilə vermək asan olacaq. Çox vaxt yorğun olduğumuza baxmayaraq, işləməyə davam etdiyimiz üçün “tükənmə sindromu”nun təsiri altına düşürük. Lakin unutmayın ki, fasilə zamanı elektron poçtu yoxlamaq və ya YouTube videolarına baxmaq keyfiyyətli istirahət sayılmır.

Ən optimal variant təmiz havaya çıxmaqdır.

İş gününüzə nəzarət edin

Zamanınızı strateji aralıqlara bölməyi bacarırsınızsa, səkkiz saatlıq iş günü sizin üçün uyğun ola bilər. Bu mükəmməl ritmə girmək üçün 4 tövsiyə:

– Gününüzü bir saatlıq intervallara bölün. Adətən işi həftənin və ya günün sonuna qədər bitirməyi planlaşdırırıq. Bu, effektiv strategiya deyil. Yaxşı olar ki, məqsəd üzərində məhz indi konsentrasiya olasınız. Mürəkkəb tapşırıqları kiçik hissələrə parçalayın və onları idarə etmək daha asan olacaq. Əgər dəqiqliyi sevən insansınızsa, iş gününüzü 52 dəqiqəlik intervallara bölə bilərsiniz.

– İntervallara sadiq qalın. Bu strategiya yalnız ona görə effektivdir ki, nisbətən qısa müddət ərzində yüksək konsentrasiyaya nail olmaq üçün maksimum enerjidən istifadə edirik. Əgər bir saatlıq intervallara məsuliyyətsiz yanaşırsınızsa və vaxtaşırı Facebook səhifənizi yoxlayırsınızsa, konsentrasiyanın mahiyyətini öldürmüş olursunuz.

– Həqiqi istirahət edin. Draguiem-də aparılan araşdırmada tez-tez fasilə verən işçilərin müqayisədə daha məhsuldar olması aşkar edilmişdir. Analoji olaraq, fasilələr zamanı həqiqi istirahət edən işçilər yenidən işə qayıtmaqda çətinlik çəkmirdi. Daha məhsuldar olmaq üçün komptüerinizdən, telefonunuzdan və işlərdən uzaqlaşmalısınız. Gəzinti, kitab və ya ünsiyyət kimi istirahət növləri enerji toplamağa və həqiqətən istirahət etməyə kömək edir.

–  Orqanizmin sizdən istirahət istəməsini gözləməyin. Əgər yalnız yorğun olduğunuz zaman fasilə edirsinizsə, onda artıq gecdir – məhsuldarlığın maksimal səviyyəsini qaçırdınız. Cədvələ riayət etmək həm məhsuldar olmağa, həm də vaxtı-vaxtında istirahət etməyə zəmanət verir. Unutmayın ki, yorğun-ağrın işləməyə davam etməkdənsə, tez-tez qısa fasilələr təşkil etmək yaxşıdır.

 

Son xəbərlər
Digər xəbərlər