10 C
Baku
Tuesday, November 26, 2024

Niyə Azərbaycan əhalisinin Çin avtomobilinə marağı artır?

BANKER.AZ — Azərbaycan ilbəil minik avtomobilləri parkında Çin avtomobillərinin payını artırır və ekspertlər hesab edirlər ki, əhalinin buna marağının artmasına səbəb həmin avtomobillərin ucuz və daha cəlbedici olmasıdır.

2022-ci ilin ilk 9 ayında Azərbaycan Çindən 2 180 ədəd minik avtomobili idxal (dəyəri: $40.6 mln.) edib. 2021-ci ilin eyni dövründə bu rəqəm 1 385 ədəd ($19.8 mln.) idi və cari ildə bu göstərici 57% artıb.

Bildirək ki, 2022-ci ildə Azərbaycan cəmi minik avtomobili idxalını illik müqayisədə 15.7% azaldıb. Bununla bağlı, Dövlət Gömrük Komitəsi məlumat vermişdi.

Yerli ekspertlər hesab edir ki, Azərbaycanın Çin avtomobillərinə üstünlük verməsində əsas səbəblərdən biri, onların avtomobil sənayesinin artımı, dizaynı və eləcə də qiymətlərinin cəlbedici olmasıdır.

Ekspert Eldəniz Cəfər deyir ki, son illərdə bu ölkənin avtomobil sənayesi çox inkişaf edib.

“Çin bu gün bütün dünyaya, o cümlədən, inkişaf etmiş ölkələrə avtomobil ixrac edir. Onların avtomobilləri əsasən dizayn və qiymətinə görə alıcıların marağındadır. Bu səbəbdən də bu avtomobillərin dünyada, həmçinin Azərbaycanda payı artır”.

Eldəniz Cəfər hesab edir ki, Rusiya avtomobil sənayesinin çökməsi bunda xüsusi rolu var. Belə ki, Azərbaycandan alıcılar Rus istehsalı olan avtomobilləri Çin istehsalı olanlarla əvəzləyirlər: “Getdikcə də ölkədə Çin avtomobillərinin sayı artacaq”.

Ekspert Ruslan Musayev isə ölkədə çin avotmobillərinə marağın artmasında üç əsas məqamı önə çəkir:

  • Birincisi, Azərbaycanda təmsil olunan Çin markalarının sayı artıb.
  • İkincisi, qiymət-keyfiyyət baxımından Çin avtomobillərinin cəlbediciliyi artıb.
  • Üçüncüsü, Çin istehsalçıları dizayn, texnologiya və mühəndislik sahəsində irəliləyişə nail olublar.

Çindən idxal edilən minik avtomobillərində diqqət çəkən digər məqam isə dizel və  elektrik mühərrikli avtomobillərin (e-car) ölkəyə idxalı üzrə illik dinamikadır.

Uzaq Şərq ölkəsindən Azərbaycana cari ilin ilk 9 ayında 130 ədəd “hibrid” mühərrikli, 140 ədəd isə yalnız elektriklə çalışan minik avtomobilləri idxal edilib. Bu göstəricilər öncəki ildə 1-2 ədəd kimi cüzi idi.

“Çin həm də elektrik mühərrikli avtomobillərin istehsalında TOP5-likdə yer alır. Gələcək “meydan” bu avtomobilərindir.  Azərbaycanda da “e-car”ların idxalı və istismarı ilə bağlı stimullaşdırıcı addımlar atılır. Bunun özü də Çində keyfiyyətli istehsal olunan e-mühərrikli avtomobillərin ölkəmizə idxalını sürətləndirə bilər. Bu, özü-özlüyündə yaxşı bir haldır. Dövlətin məqsədi ölkənin ekoloji sisteminin yaxşılaşdırmasıdır”- deyə, Eldəniz Cəfər qeyd edir.

Qeyd edək ki, Azərbaycanda dizel yanacağı ilə çalışan minik avtomobillərinin sayı 163% artıb. Məsələn, 2021-ci ilin ilk 9 ayında ölkəyə Çindən həcmi 1500-2500 sm-kub olan 95 dizel mühərrikli avtomobil idxal edildiyi halda, cari ilin eyni dövründə bu rəqəm 250 ədəd təşkil edib – illik müqayisədə 2.6 dəfə artım.

Benzinlə çalışan avtomobillərin sayı hesabat ilində 1 879 ədəd (2021-də isə 1 235 ədəd) təşkil edib.

Ruslan Musayev keyfiyyət məsələsinə şərh bildirərkən deyir ki, Çində bu sahədə də irəliləyişə nail olublar: “Amma texnologiya sahəsində daha böyük sıçrayış ediblər. Məsələn, götürək BYD şirkətini. Hazırda bu şirkət bir çox tanınmış avtomobil istehsalçıları üçün komponentlərin tədarükçüsünə çevrilib”.

Ruslan Musayev təəssüflə qeyd edib ki, geniş model çeşidinə – həm “hibrid”lərə, həm də “e-car”lara, – malik olan bu marka Azərbaycanda layiqincə təmsil olunmur.

İlin ilk üç rübü: Çindən Azərbaycana gətirlən minik avtomobilləri
2022 2021
Məhsul Ədəd Dəyər, min USD Ədəd Dəyər, min USD
Xüsusi təyinatlı minik avtomobilləri 23                   209.07 29 186.98
Benzin mühərrikli:1000 kub sm-dən çox olmayan 92                   252.56 110 180.19
Benzin mühərrikli: 1000-1500 kub sm olan 976              15,109.79 881 12125.4
Benzin mühərrikli: 1500-3000 kub sm olan 561              12,922.86 244 5629.47
Dizel: 1500-2500 kub sm olan 250                4,205.81 95 1383.35
 Dizel:  2500 kub sm-dən çox olan 4                     48.83 2 26
hibrid, xarici mənbədən doldurulmayab 130                2,937.07 1 18.5
hibrid, xarici mənbədən doldurulan 1                     43.31
elektrik avtomobil 139                4,828.17 7 170.5
 Digər minik avtomobilləri 4                     45.46 16 82
Cəmi 2180              40,602.93 1385 19,802.39
Son xəbərlər
Digər xəbərlər