Vaşinqtonda və eləcə kriptovalyuta bazarında Tramp administrasiyasının strateji kriptovalyuta ehtiyatı planını necə icra edəcəyi ilə bağlı bir çox suallar dolaşır. Lakin bir mühüm məqam aydındır: ABŞ Trampın ehtiyatda olmasını istədiyi üç kriptovalyutanı əldə etməlidir.
Banker.az xəbər verir ki, bu isə həm rəqəmsal aktivlərə hökumətin sərmayə yatırması fikrini dəstəkləyənlər, həm də buna qarşı çıxanlar arasında etirazlara səbəb olub.
Tramp ötən il Bitcoin ehtiyatı yaratmaq planlarını elan edərkən, onun əsasən cinayət işləri çərçivəsində müsadirə olunmuş aktivlərdən hökumətin artıq sahib olduğu kriptovalyutalara əsaslanacağını bildirmişdi. Hazırda ABŞ hökumətinin təxminən 16,4 milyard dollar dəyərində Bitcoin və yeddi digər token üzrə təxminən 400 milyon dollar dəyərində aktivləri var. Lakin məlum hökumət cüzdanlarında Trampın bazar günü (2 mart) ehtiyatda olmasını istədiyi XRP (Ripple), SOL (Solana) və ADA (Cardano) kriptovalyutaları yoxdur.
Bu isə strateji ehtiyat planlarının sadəcə mövcud federal aktivləri qorumaqdan daha geniş bir məqsəd daşıdığını və büdcə vəsaitləri ilə və ya digər dövlət aktivləri hesabına alışları nəzərdə tutduğunu göstərir. Siyasi cəhətdən çətin bir məsələ ola bilər. Buna misal olaraq, bu il Montana, Vayominq və Şimali Dakota ştatlarında dövlət ehtiyatlarının yaradılması planlarının rədd edilməsini göstərmək olar.
“Belə bir şeyi yalnız büdcə qalıqlı (profisit) olduğu halda yaratmalısınız, kəsr zamanı yox,” – deyə, Nyu-York Universitetinin Stern Biznes Məktəbinin dosenti, keçmiş Uol-Strit treyderi və kriptovalyuta məsləhətçisi Ostin Kempbell Bloomberg-ə bildirib. “Əgər profisitiniz varsa, onu zamanla dəyəri artan məhsuldar aktivlərə yatırmaq üçün ayırmalısınız.”
Bu məqam Trampın məqsədinə qarşı başqa bir siyasi maneəni vurğulayır: ehtiyata daxil etmək istədiyi kriptovalyutaların dəyərləri son həftələrdə kəskin şəkildə düşüb, hətta bazar günü Trampın “Truth Social” platformasında ehtiyatla bağlı yazılarından sonra qeydə alınan qısa müddətli yüksəlişlərin çoxu da geri döndü.
Məsələn, SOL yanvar ayında ən yüksək səviyyəsinə çatdıqdan sonra 57 faizədək ucuzlaşıb. Bu, qismən “Solana” blokçeynində yerləşən və Tramp və onun həyat yoldaşı Melaniya ilə əlaqəli olan bəzi mem-koinlərin, eləcə də Argentina prezidenti Xavyer Milei tərəfindən təşviq edilən bir tokenin kəskin dəyər itkisinə məruz qalması ilə bağlıdır.
“Etherium” dekabr ayında qeydə alınan maksimum səviyyəsindən 50 faizdən çox dəyər itirib. Hətta bazarda ən dominant kriptovalyuta olan Bitcoin belə, Trampın inauqurasiya günündə qeydə alınan 109 000 ABŞ dollarından yüksək rekord səviyyəsindən 28 faiz geriləyib.
“Məncə, administrasiyanın ehtiyat yaratmaq iştahını daha çox qiymət dinamikası müəyyən edəcək,” – deyə “Financial Insyghts” araşdırma xidmətinin rəhbəri və Uilyam və Meri Universitetinin dosenti Piter Atvoter bildirib. “Qiymət dəyişkənliyi ehtiyat yaradılmasını müdafiə edənlər üçün əlverişli deyil. Adətən, hökumətlər nəyisə almaq istəyəndə, qiymət sabitliyi onlar üçün əsas amillərdən biri olur.”