Yaxın günlərdə Donald Tramp və Si Cinpin Cənubi Koreyada görüşməlidirlər. Lakin onların həqiqətən görüşəcəyi hələlik bəlli deyil. Bu, dünyanın ən mühüm münasibətlərinin nə qədər gərginləşdiyini göstərir. Son həftələrdə ABŞ və Çin bir-birinə qarşı sərt addımlar atıb. ABŞ texnologiya ixracına məhdudiyyətləri sərtləşdirib və yeni tariflər tətbiq etməklə hədələyib; Çin isə nadir torpaq elementlərinə dair sanksiyalar və ixrac məhdudiyyətləri qoyub. Tərəflər arasında dialoq qurmaq mümkün olmur. Ağ Evdə belə hesab olunur ki, bu “əsəblərin və dözümlülüyün müharibəsində” üstünlük Amerikadadır. Maliyyə naziri Skott Bessent Çini “zəif” adlandırır. Lakin reallıq tam fərqlidir.
Banker.az xəbər verir ki, bu barədə “The Economist” jurnalının son həftədə dərc etdiyi əsas məqaləində bildirilir.
Çin ticarət müharibəsində qalib gəlir. O, vəziyyəti gərginləşdirməyi və cavab addımlarını ABŞ qədər səmərəli şəkildə atmağı öyrənib. Çin özünün transmilli ticarət qaydalarını sınaqdan keçirərək qlobal iqtisadiyyatın istiqamətini dəyişir.
Tramp Oval kabinetə qayıtdıqdan sonra Tayvanla bağlı siyasəti və ümumilikdə Çinlə münasibətləri ziddiyyətli olub və hələ də qeyri-müəyyəndir. Lakin ticarət məsələsində mövqeyi aydındır: o, ilk prezidentlik dövründə başladığı təzyiq kampaniyasını davam etdirir. Bu isə daha çox tarif, yüksək texnologiyalı ticarətə daha sərt nəzarət və sanksiyalardan daha aktiv istifadə deməkdir. Tramp administrasiyasının məqsədi – Çinin istehsal gücünü zəiflətmək, maliyyə və kommersiya güzəştləri qoparmaq, həmçinin onun texnoloji inkişafını ləngitməkdir. Tramp komandasındakı bəziləri hətta belə bir “böyük saziş” arzulayırdılar ki, Çin dövlət kapitalizmini islah etməyə razı olsun, ABŞ isə “onun boğazındakı ayağını çəkib götürsün”.
Altı ay keçdikdən sonra vəziyyət göstərir ki, üç əsas səbəbdən indi Çinə nəfəs almaq Amerikadan daha asandır.
Birincisi, Çin ABŞ-ın təzyiqlərinə tab gətirmə qabiliyyətini və cavab addımlarında ustalığını sübut edib, nəticədə “eskalasiya üstünlüyü” deyilən vəziyyətə nail olub. Bəzi tənqidçilər bunu “TACO prinsipi” (Trump Always Chickens Out – “Tramp həmişə geri çəkilir”) ilə izah edirlər. Amma əslində bu, Çinin dərin gücünü, hazırlığını və peşəkarlığını göstərir. Apreldə Trampın Çin əleyhinə tətbiq etdiyi “Azadlıq günü tarifləri” Volstritdəki enişdən sonra ləğv olundu. Yaxınlarda Çin yüksək texnologiyalı istehsalda istifadə edilən nadir torpaq metallarının ixracına məhdudiyyət qoyduqdan sonra Tramp 100%-lik tariflərlə hədələsə də, yenidən geri çəkildi. Çini demək olar ki, tam embarqo ilə vurmaq təhdidləri də inandırıcı deyil, çünki bu, ABŞ-a da ciddi zərər verərdi. Çinin “böhran içində olduğu” barədə iddialara baxmayaraq, onun fond bazarı bu il dollar ifadəsində 34% artıb — bu, S&P 500 indeksinin artım tempindən iki dəfə çoxdur.
Çin artıq cavab zərbələrini ustalıqla zəiflədir. Tramp Çin konteyner gəmilərinə rüsum tətbiq etdikdən sonra, Çin də öz liman rüsumlarını tətbiq etdi. O, DuPont, Google, Nvidia və Qualcomm kimi Amerika şirkətlərinə təzyiq göstərmək üçün antimonopoliya araşdırmaları ilə hədələdi. ABŞ-ın soya idxalını dayandırmaq qərarı – ötən il orta qərb fermerləri üçün bu bazarın həcmi 12 milyard dollar idi və ABŞ-ın Çinə ən böyük ixrac məhsulu sayılırdı – Bu isə öz növbəsində Trampın siyasi bazasında ciddi narazılıq doğurub. ABŞ-ın bəzi təsir vasitələri, məsələn, aviasiya mühərrikləri sahəsində, hələ də qalır, lakin Si Cinpin bütün gücünü yönəldib ki, Çin təchizat zəncirlərini xarici xammaldan asılılıqdan azad etsin və eyni zamanda digər ölkələrin təchizat zəncirlərində özünü əvəzolunmaz etsin. Nəzəri olaraq, Tramp Çinin dollar bank sisteminə çıxışını məhdudlaşdırmaqla təzyiqi artıra bilərdi. Amma bunu etməsi inandırıcı görünmür, çünki yaranacaq maliyyə sarsıntısı ABŞ iqtisadiyyatına da ağır zərbə vurardı.
Bütün bu qarşıdurma fonunda Çin test üsulu ilə yeni qlobal ticarət qaydaları formalaşdırır. Bu da onun uğurlu olduğu başqa bir sahədir. Çin köhnə liberal ticarət sisteminin yerində Pekinin rəhbərliyi ilə yeni bir quruluş qurmaq istəyir — Trampın tariflər imperiyasına qarşı alternativ sistem. Çin artıq ticarət coğrafiyasını dəyişib: ilin əvvəlindən sentyabra qədər ixracı 8%-dən çox artıb, Amerika istiqamətinə ixrac isə 27% azalıb. Çinin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmaq təhdidləri Qərb istehsal zəncirlərini çətin vəziyyətə sala bilər, çünki Çin bu bazarda dominant mövqedədir. Amma bu addımlar həm də Çinin qlobal lisenziyalaşdırma sistemi qurmaq cəhdlərini nümayiş etdirir. Bu, ABŞ-ın yarımkeçirici sənayesinə nəzarət üçün istifadə etdiyi strategiyanın daha sərt versiyasıdır. Gözlənilir ki, Çin yüksək texnologiyalı istehsalçı və 70-dən çox ölkənin ən böyük ticarət tərəfdaşı kimi mövqeyindən istifadə edərək qaydaları gələcəkdə də dəyişməyə davam edəcək.
Çinin qalib gəlməsinin son səbəbi isə odur ki, ticarət müharibəsi Si Cinpini və Kommunist Partiyasını zəiflətmək əvəzinə, əksinə, daha da gücləndirib. Xarici müşahidəçilər Çinin daşınmaz əmlak böhranı, ehtiyatlı istehlakçılar, qorxmuş sahibkarlar, sənaye siyasətinin yaratdığı artıq istehsal gücü və səmərəsiz kapital bölgüsü kimi problemlərinə diqqət çəkirlər. Lakin bir çox çinlilər üçün Trampın davranışı Si Cinpinin son 12 ildə həyata keçirdiyi strategiyanı – ölkəni düşmən mühitə hazır texno-sənaye supergücünə çevirmək siyasətini – doğruldub. Kommunist Partiyasının rəhbərliyi yaxınlarda yeni beşillik planı müzakirə etmək üçün toplantı keçirib və gözlənilir ki, Si Cinpinin texnomilli yanaşması daha da möhkəmlənəcək.
Əlbəttə, risklər də var. ABŞ-a yönəlmiş ixracın digər ölkələrə yönəldilməsi onları da yeni tariflər tətbiq etməyə sövq edə bilər. Çinin yenicə formalaşan lisenziyalaşdırma sistemi həm özü, həm də digərləri üçün bürokratik xaosa çevrilə bilər. ABŞ-ın artıq başa düşdüyü kimi, iqtisadi gücdən “cəza vasitəsi” kimi istifadə çox risklidir. Digər ölkələr asılılıqlarını azaltmaq üçün diversifikasiya və innovasiya səylərini daha da artıracaqlar.
Əgər Tramp və Si Cinpin Cənubi Koreyada doğrudan da görüşsələr, bu, gərginliyin azaldılması istiqamətində bir addım ola bilər. Nadir torpaq metalları üzərində nəzarətin tətbiqini təxirə salmaq müqabilində ABŞ tariflərini dayandıra, həmçinin Çin nəzarətindəki TikTok sosial şəbəkəsinin amerikalı sahiblərə satışı ilə bağlı razılaşmanı təsdiqləyə bilər. Lakin aldanmaq olmaz: bu, sadəcə iki ölkənin fikir ayrılığını aradan qaldırması deyil, iqtisadi gücünü silah kimi istifadə edən iki nəhəngin qarşıdurmasıdır. Və hərçənd Çin Trampın ticarət müharibəsində üstünlük qazanır, açıq ticarətdən imtina nəticədə hamını uduzan vəziyyətə salır.








