5 C
Baku
Saturday, December 14, 2024

Niyə milyarderlər böyük sərvətlərini kiçik Lüksemburqda gizlədirlər?

Forbes jurnalı LVMH-in sahibi Bernar Arno və Zara-nın təsisçisi Amansio Orteqa da daxil olmaqla, dünyanın ən varlı adamlarının sərvətlərini necə və niyə kiçik Lüksemburqda saxladığını araşdırdı.

Avqust ayında fransız maqnatı, dünyanın üçüncü ən varlı adamı və LVMH-in rəhbəri Bernar Arno, pərakəndə satış şirkəti Carrefour-dakı 5.5% payını təxminən 850 milyon dollara satdı. İllik hesabatlara görə, o, bu səhmlərin böyük hissəsinə Avropanın kiçik ölkəsi Lüksemburqda qeydiyyatdan keçmiş Cervinia Europe şirkəti vasitəsilə sahib oldu. Arno Cervinia Europe-ni 2013-cü ildə qurdu və sonra Carrefour-dakı payının bir hissəsini Lüksemburqda yerləşən digər şirkət Blue Capital S.a.r.l.-a satdı. Milyarder onu 2007-ci ildə Carrefour səhmlərini almaq üçün yaratmışdı.

Bernard Arnault

Bu, Arnonun Lüksemburqda saxladığı yeganə aktivlər deyil. Carrefour-dakı payından əlavə, o, 2020-ci ilin dekabrında olan məlumata görə, 1.6 milyard dollarlıq özəl investisiyaları idarə edən iyirmidən çox şirkətə sahibdir. Və bu yanaşmanın bəzi diqqətəlayiq faydaları var: əgər Arno Cervinia Europe-dakı səhmlərini satsa, onun qazandığı sərvət vergiyə cəlb edilməyəcək. Belə ki, Lüksemburqda dividendlərə görə vergi ödəmək tələbi yoxdur (əgər holdinq şirkətində ən azı 1.4 milyon dollar səhmlər saxlanılırsa). 2007-ci ildən bu günə kimi milyarder Carrefour-dan demək olar ki, 900 milyon dollar dividend alıb.

Arno Avropanın ən varlı adamı ola bilər, lakin o, holdinq şirkətlərinə investisiya qoyan yeganə şəxs deyil. Lüksemburq  milyarderlər və varlı sərmayəçilər arasında populyardır, çünki oradakı vergi sistemi olduqca əlverişlidir.

2019-cu ilin mart ayında ölkənin hakimiyyət orqanları 2016-cı il Avropa Birliyi direktivinə uyğun olaraq bütün şirkətlərin benefisiarlarını izləmək üçün açıq reyestri işə saldı. İndi orada 626 min əhalisi olan ölkədə qeydiyyatdan keçmiş 140 mindən çox şirkətin mülkiyyəti yer alır.

2021-ci ildə qeyri-kommersiya təşkilatı olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organised Crime and Corruption Reporting Project, OCCRP) reyestr məlumatlarını toplamağa və şəxsin adı ilə axtarış aparmağa başladı. Forbes məlumat bazasını təhlil edərək müəyyən etdi ki, dünyanın onlarla ən varlı adamı, o cümlədən iyirmi ən varlı adamlarından iksi Lüksemburqdakı holdinq şirkətlərində milyardlarla dollarlıq aktivlərə sahibdir.

“Lüksemburqda fərdlərin sərvətlərinin bir hissəsini saxlamaq üçün boz sahə, eyni zamanda siyasi sabitlik, inkişaf etmiş hüquqi mexanizmlər var”, – deyə Amsterdam Universitetinin elmi əməkdaşı Yan Fixtner söyləyir.

Lüksemburqun maliyyə mərkəzi kimi tarixi 1929-cu ilin iyulunda, hakimiyyət orqanları xarici investorları cəlb etməyə və hamıya gəlir, dividend və kapital artımı vergisindən azad olmağa icazə verən qanun qəbul etdikdən sonra başladı. Cəmi üç ay sonra, 1929-cu ilin oktyabrında Uoll-Stritdəki hadisələr dünya iqtisadiyyatını çökdürdü və Lüksemburqun maliyyə mərkəzinə çevrilmək ümidlərini məhv etdi.

Lüksemburq iri korporasiyaları və varlı ailələri cəlb edən, holdinqlərin populyarlığını artıran və ölkədə maliyyə xidmətləri sənayesinin çiçəklənməsinə səbəb olan avrobondlar yerləşdirmiş ilk ölkələrdən biri oldu.

Avropa Komissiyasının tələblərinə baxmayaraq, maliyyə holdinqlərinə münasibətdə yumşaq qanunvericilik (Soparfi) 2006-cı ilə qədər faktiki olaraq dəyişməz qaldı.

2011-ci ildən, dörd illik keçid dövründən sonra Soparfi korporativ və biznes vergilərini ödəməyə başladı. Bundan əlavə, Lüksemburqun ABŞ, Çin, Rusiya və Avropa Birliyi (AB) üzvləri də daxil olmaqla bir neçə ölkə ilə vergi müqavilələri var idi ki, bu da onu vergi yükünü azaltmağa çalışan investorlar üçün cəlbedici məkana çevirdi.

Forbes milyarderlərin Lüksemburqda yerləşən holdinqlər vasitəsilə xarici aktivlərə investisiya qoymasının iki əsas yolunu müəyyən etdi. Arno və ispan maqnatı Amansio Orteqa kimi varlı şəxslər Lüksemburqun onları dividend vergisindən azad etməsindən istifadə edərək, oradakı şirkətlər vasitəsilə ictimai və qeyri-ictimai şirkətlərdə, daşınmaz əmlakda pay alırlar.

image

Böyük şirkətləri olan milyarderlər üçün Lüksemburqun əsas üstünlüyü vergi ödəmədən  yenidən sərmayə imkanının olmasıdır.

Qeyd edək ki, Lüksemburqda şirkət qurmaq müqayisədə daha ucuz başa gəlir. OpenOwnership-in icraçı direktoru Tom Taunsendin sözlərinə görə, hüquqi şəxs yaratmaq və onun vasitəsilə pulköçürmə əməliyyatlarını həyata keçirmək üçün 5 milyon dollardan 10 milyon dollara qədər vəsait lazımdır.

Forbes Lüksemburqda aktivlərə sahib olan milyarderə müraciət etsə də, onların heç biri bu sorğuya cavab vermədi. Budur ki, avropalı milyarderlərin və onların Lüksemburqdakı holdinqlərin siyahısı:

1. 1.6 milyard dollarlıq aktivlərdən əlavə olaraq, Bernar Arno 2016-cı ildən bəri pul qoyduğu L Catterton investisiya şirkətində 28% paya sahibdir. Bu gün sahibkarın L Catterton-dakı payı təxminən 380 milyon dollar olaraq qiymətləndirilir. LVMH firmanın 12%-i, Arnoya, 30%-i (405 milyon dollar) isə baş direktorlar C. Maykl Çu və Skott Dankeyə məxsusdur.

2. İspan pərakəndə satış şəbəkəsi Zara və onun ana şirkəti Inditex-in həmtəsisçisi Amansio Orteqa Lüksemburqda yerləşən Adelphi Property S.a.r.l. (99%-i Orteqaya məxsusdur) və Hills Place S.a.r.l. (99.7%-i Orteqaya məxsusdur) şirkətləri vasitəsilə 3.7 milyard dollarlıq əmlaka sahibdir.

3. İtaliyanın ən varlı adamı olan Covanni Ferrero ailəsi Lüksemburqda qeydiyyatdan keçmiş eyniadlı qənnadı imperiyası Ferrero International S.A. şirkətində 75% (32 milyard dollar) paya sahibdir. O, həmçinin Avstraliya, Çili və Cənubi Afrikada qeyri-ictimai şirkətlər, daşınmaz əmlak, səhmlər, istiqrazlar və s. aktivlərdə digər Lüksemburq şirkətlərinə də malikdir.

4. Leonardo Del Vekkio – İtaliyanın ikinci ən varlı adamıdır. Onun 37 milyard dollarlıq sərvətinin böyük hissəsi eynək istehsalçısı EssilorLuxottica, Mediobanca bankı və Covivio investisiya trastı kimi səhmlərin payına düşür. Təəccüblü deyil ki, Del Vekkio onlara Lüksemburqda yerləşən у Delfin S.a.r.l. şirkəti vasitəsilə sahibdir. Forbes həmçinin son on ildə Vekkionun Delfin-in köməyi ilə ictimai səhmlərdən ən azı 5 milyard dollar dividend aldığını təxmin edir. ABŞ-dan fərqli olaraq, əksər Avropa ölkələri xaricdə əldə edilən gəlirlərə vergi tətbiq etmirlər.

5. Fransız milyarder Cerri Perrodo həyat yoldaşı Hubertin 2006-cı ildə ölümündən sonra Perenco neft şirkətini miras alıb. Sent-Kits və Nevis ada dövlətində yerləşən trast vasitəsilə o və üç ovladı (Fransua, Natali və Bertran) Lüksemburqda yerləşən Margaux Vignobles Investments S.a.r.l. şirkətinə sahibdir. 2019-cu ilin dekabr ayında bu aktivlər ümumilikdə təxminən 250 milyon dollar dəyərində qiymətləndirilir.

Digər milyarderlər Lüksemburqun dəbdəbəli hotelə investisiya yatırmaq və ya qeyri-ictimai şirkətdə pay almaq kimi imkanlarından daha az istifadə edirlər. Xatırladaq ki, ölkə aktivlərin ləğvindən əldə edilən gəliri heç bir vergiyə cəlb etmir. Nəticə etibarı ilə, aktiv satan və sonra sahib olduğu şirkəti ləğv edən hər bir milyarder vergi ödəməyə bilər.

Forbes premium daşınmaz əmlaka və qeyri-ictimai şirkətlərdə paylara sahib olan bir neçə holdinq aşkar etdi. Jurnalın vurğuladığı kimi, milyarderlər onları Lüksemburqdakı hüquqi şəxslər vasitəsilə əldə etdi.

Varlı italyan ailəsinin nəslindən olan, StellantisFerrari kimi şirkətlərdə pay saxlayan Con Elkann Lüksemburq vasitəsilə Monakoda yerləşən helikopter hava yolu şirkəti Monacair-ə sərmayə qoymuşdu.

Amerikalı milyarder Devid Bondermanın beş övladı Lüksemburqun Irenne S.a.r.l şirkətinə, Karib dənizi sahilindəki beşulduzlu Rosewood Le Guanahani hotelinə və ümumi dəyəri 122 milyon dollar olan aktivlərə sahibdir.

Reyestr açmazdan əvvəl Lüksemburq investorlara müəyyən səviyyədə məxfilik vəd edirdi. İndi belə bir fürsət yoxdur və çox güman ki, yaxın zamanda bir sıra ofşor sığınacaqlar (məsələn, Kayman və Virciniya adaları) da yox olacaq. Belə ki, 2023-cü ildə burada da reyestr yaradılacaq.

Reallıq budur ki, dünyanın ən varlı insanları sərvətlərini onilliklər ərzində Lüksemburq və ya Cənubi Dakota kimi izlənməsi çətin olan yerlərdə saxlayırlar. Lüksemburq reyestrinin yaranması sayəsində vəziyyət bir qədər dəyişə bilər. Ən azından çoxları buna ümid edir.

“Hal-hazırda Niderlandda Lüksemburqdakı şirkətə məxsus olan şirkət açmaq mümkündür. Zəncir nə qədər uzundursa, onun sahiblərini tapmaq da bir o qədər çətindir. Buna görə də, benefisiarların reyestrləri çox vacibdir”, – deyə Tax Justice Network qeyri-kommersiya təşkilatının keçmiş əməkdaşı Havyer Qarsia-Bernardo vurğulayır.

Son xəbərlər
Digər xəbərlər