Əlbəttə, cəsarətli və iddialı hədəflər bizi motivasiya edir və canlandırır. Lakin bütün diqqəti yalnız onlar üzərində cəmləşdirmək böyük məyusluğa səbəb olur. Burada bir şey də var: uzağa baxanda burnunuzun altında olanları görməyə bilərsiniz.
Xoşbəxt olmaq üçün məqsəd təyinetmə prosesinə fərqli yanaşmaq lazımdır. Bu, sizi müvəffəqiyyətə aparacaq və eyni zamanda həyatdan zövq almağa kömək edəcək bir yanaşma olmalıdır.
Hansı hədəflər sizi xoşbəxt edir, hansıları isə etmir
Məqsədlər – həm böyük, həm kiçik – varlığa məna qatır. Araşdırmalar göstərir ki, qısamüddətli perspektivdə onlar bizi daha nikbin və subyektiv edir. Məsələn, 2008-ci ildə psixoloqlar çox sadə bir təcrübə apardılar. İştirakçıların yarısı qarşısına məqsədlər qoydu, onları səsləndirdi və reallaşdırılmasına dair təlim keçdi.
İştirakçıların ikinci yarısı heç nə etmədi. Üç həftə sonra tədqiqatçılar qarşısına məqsəd qoyan iştirakçıların orta hesabla özünü 12% daha xoşbəxt hiss etdiyini öyrəndilər. Qeyd edək ki, bu tədqiqatda könüllülərin istəkləri tamamilə fərqli idi. Buna baxmayaraq, bütün məqsədlərin bərabər xoşbəxtliyə səbəb olmadığını görürük.
Belə ki, eyni ildə Almaniyada keçirilən sorğuda müəyyən edilmişdir ki, insanlar ailə, dostlar, sosial və siyasi layihələrdə iştirakla əlaqəli olduqları təqdirdə, həyatdan məmnunluq səviyyəsi daha yüksək olur.
Karyerada müvəffəqiyyət və ya maddi fayda əldə etməklə əlaqəli hədəflər isə əksinə, rifah səviyyəsinə çox vaxt mənfi təsir göstərir. Yeri gəlmişkən, bu, Amerikanın kollec məzunlarının qatıldığı tədqiqatın nəticələrinə uyğundur. Şəxsi müvəffəqiyyətə can atmaq, yaxın münasibətlər qurmaq, fərqli icmalarda iştirak etmək – bir sözlə, psixoloqların daxili hədəflər adlandırdığı şeyləri etmək, – insanları özünü daha yaxşı hiss etməyə məcbur edir. Xarici istəklər isə həyatın subyektiv şəkildə pisləşməsinə səbəb olur.
Niyə böyük məqsədlər pisdir
Xəyalın ölçüsü də vacibdir. Qısamüddətli, kiçik və realistik məqsədlər müvəffəqiyyətə inam və xoşbəxtlik hissini gücləndirir – o şərtlə ki, bu dəyərlər daxili prinsiplərinizlə ziddiyyət təşkil etmir və ya başqaları tərəfindən yeridilmir.
Məsələn, tədqiqatlardan birində akademik göstəricilərini bir il ərzində yaxşılaşdırmaq istədiyini söyləyən kollec tələbələri əslində digərlərindən daha uğurlu idilər. Nəticədə onlar özlərini daha xoşbəxt və inamlı hiss edirdilər. Bu, tələbələrə gələcək hədəfləri qoymağa və uğurlu təcrübəni təkrar etməyə kömək etdi.
Vurğulamaq vacibdir ki, tələbələrin istəkləri qlobal deyildi. Uzunmüddətli və iddialı hədəflərə konsentrasiya isə risklə müşayiət edilirdi. Ona görə ki, bizim onlara çatma ehtimalımız azdır.
Xəyal qırıqlığı pessimizmin formalaşması üçün zəmin yaradır və hətta Depressiv simptomların meydana gəlməsinə səbəb olur. Bu səbəbdən cəsarətli hədəflər qoymaq – təhlükəli işdir. Bu sizi bədbəxt edə bilər.
Bu o demək deyil ki, karyera və ya maliyyə ilə əlaqəli iddialı hədəflərdən tamamilə imtina etməlisiniz. Sadəcə onları düzgün qoymalısınız.
Məyusluqla qarşılaşmamaq üçün hədəfləri necə qoymalısınız
Burada əsas üç prinsip var. Onlara güvənsəniz, özünüzü məyusluqdan qorumaqla yanaşı, daha dolğun həyat yaşamış olacaqsınız.
1. Böyük hədəfi kiçik hədəflərə ayırın
Yuxarıdakı araşdırmalar göstərir ki, qısamüddətli hədəflər bizi daha xoşbəxt edir. Başqa sözlə desək, addımbaaddım məqsədimizə doğru irəlilədiyimizi görmək bizim üçün çox vacibdir.
Buna görə qlobal olaraq nə istədiyiniz müəyyənləşdirin, sonra isə böyük məqsədinizi kiçik hissələrə bölün. Mütləq şəkildə onlara neçə günə, aya və ya ilə nail ola biləcəyiniz qeyd edin.
2. Böyük hədəfi istiqamət kimi qiymətləndirin
Çox vaxt xəyal qırıqlığı müəyyən bir şeyi əldə edə bilmədiyimizin nəticəsidir. Hədəfə bağlı qalırıq və ona çatmadıqda əziyyət çəkməyə başlayırıq. Çıxış yolu sadə və zərifdir. Qlobal hədəfi xoşbəxtliyə çatmağın yeganə yolu kimi deyil, həyatınızın istiqamətini təyin edən bir ox kimi təsəvvür edin.
Daha bir seçim: əvvəldən məqsədinizə “..və ya daha yaxşı bir şey” əlavəsini bağlayın. Bu, sizi psixoloji cəhətdən azad edəcək və asanlıqla yoldan dönməyinizə imkan verəcək.
3. Xarici deyil, daxili hədəflər qoyun
Hakimiyyət, pul və nüfuzla əlaqəli xarici hədəflərə çatmaq xüsusilə çətindir. Axı bu mənbələr məhduddur və onların arxasınca getmək üçün başqa insanları həyatımızdan kənarlaşdırmağa məcbur oluruq.
İnsanlara qarşı sevgi və şəxsi inkişafa əsaslanan daxili hədəflər daha böyük məmnuniyyət gətirir. Buna görə istəklərin siyahısında ilk növbədə daxili məqsədlər yer almalıdır.
Dəqiq daxili məqsədlərin siyahısını tutun və onlara nail olmaq üçün öz üzərinizdə işləməyə başlayın.