23 C
Baku
Monday, June 3, 2024

Niyə quraqlıq təhlükəli daşqınlara səbəb ola bilər?

Alimlər quraqlığın ardından gələn yağışların sellərə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edir. Uzun müddətli quraqlıq dövrünün ardından ən çox ehtiyacımız olan şey yağışdır. Bəs bu yağışlar niyə ani sel daşqınlarına səbəb olur?

İngiltərədə bu yay iki isti hava dalğası təsirli oldu və havanın hərarəti rekord həddə çatdı. Bununla birlikdə ölkənin böyük bir hissəsinə düşən yağış mövsüm normalarının altında olub.

Britaniya Hidrologiya və Ekologiya Mərkəzinin nümayəndələri bu vəziyyətin torpaqları “bişirdiyini”, çox aşağı nəm səviyyələrinin torpağı qurudub sərtləşdirdiyini söyləyirlər.

Yağış göy gurultulu qasırğalarda olduğu kimi çox miqdarda və yüksək sürətlə yağarsa, torpaq tərəfindən çəkilmir. Bunun əvəzinə yerin səthində yığılır. Həssas səthlərdə bu su sürətlə axır və ani sellərə səbəb olur.

“Asfalt olmayan ərazilər də artıq yağış yağdıqda asfalt kimi davranacaq”.

Reading Universitetindən meteoroloq dr. Rob Thompson BBC News-a verdiyi müsahibədə bu yağıntıların təsirini betonun üzərinə yüksək sürətlə su tökməyə bənzədir.

“Bağlarımızın, parklarımızın və əkin ərazilərimizin torpağı artıq demək olar ki, asfalt və beton qədər qurudur. Asfalt olmayan ərazilər də artıq yağış yağdıqda asfalt kimi davranacaq”, – Thompson deyir.

Lancaster Universitetindən torpaq alimi professor John Quinton deyir ki, quraqlığın torpağa ən böyük təsiri hidrofobiklik, yəni su keçirməzliyidir.

Su suya davamlı gödəkçəyə dəydikdə udulmur, gödəkçənin üzərində damcılar əmələ gəlir və su axıb gedir. Torpaqdakı təbii maddə quruduqda üzərində suyu keçirməyən təbəqə əmələ gəlir və oxşar bir vəziyyət yaranır. Professor Quinton “torpaq suyu əmə bilmir, bunun əvəzinə su torpağın səthində qalır” deyir.

“Bitki örtüyü böyük fırtınalarda yağış damlalarını daha kiçik parçalara ayırır”

Britaniyada davam edən quraqlığın otları və digər bitki örtüyünü necə yox etdiyini, parkların və tarlaların necə saraldığının burada yaşayanların fərqində olmaması mümkünsüzdür.

Bitki örtüyü torpağın üzərini örtərək, onu şiddətli yağışlardan qoruyur. Professor Quinton izah edir: “Bitki örtüyü böyük fırtınalarda yağış damlalarını daha kiçik parçalara ayırır. Bu qoruma olmadan böyük damlalar torpağın quruluşuna zərər verir, bu da torpağa daha az su sıza biləcəyi mənasına gəlir.”

Dr. Thompson Britaniyada çox fərqli torpaq növlərinin olmasına baxmayaraq, kifayət qədər şiddətli bir yağıntıda bütün ölkənin ani sel daşqınlarına qarşı həssas olduğunu söyləyir.

Suyun çox sürətlə hərəkət edə biləcəyi dik yamaclı, qeyri-bərabər ərazilər xüsusilə yüksək risk altındadır.

Dr. Thompson ötən yay Almaniya və Belçikada yaşanan sellər qədər şiddətli fəlakətlərin görülmə ehtimalının aşağı olduğunu, lakin bunların hər zaman potensial olaraq mümkün olduğunu bildirir.

Tufanlar böyük miqdarda yağış gətirə bilərlər, lakin adətən kiçik bir əraziyə təsir edir və qısamüddətli olurlar. Bu, torpağa bərpa olmaq üçün kifayət qədər vaxt vermir.

Alimlər bir neçə saat və gün boyu davam edəcək yüngül yağışın torpağın nəmini normal səviyyəyə gətirə biləcəyini söyləyirlər.

Lakin quraqlığın bitməsi üçün orta səviyyədən yuxarı yağıntıların həftələr boyu davam etməsi lazım ola bilər.

Alimlər deyirlər ki, iyulda müşahidə olunan rekord temperaturlar insanların səbəb olduğu iqlim dəyişikliyi olmadan “demək olar ki, qeyri-mümkündür.”

Eyni zamanda onlar xəbərdarlıq edirlər ki, istilik dalğaları və quraqlıq daha ekstremal və adi hala çevrilə bilər.

MənbəBBC
Son xəbərlər
 ⁠
Digər xəbərlər