9 C
Baku
Sunday, December 22, 2024

Niyə səhər 6-da oyanmağın heç bir mənası yoxdur?

Məhsuldarlıq mütəxəssisləri deyirlər ki, uğurlu olmaq üçün lazımdır:

– Səhər 6:00-da qalxmaq;

– Soyuq duş qəbul etmək;

– İdman etmək;

– Meditasiya etmək;

– Gündəlikdə nəsə yazmaq və müxtəlif ideyalar ətrafında düşünmək;

– Təhlil aparmaq və qarşıya məqsədlər qoymaq;

– Günlük xəbərləri oxumaq;

– Həvəsləndirici bir şeyə baxmaq və ya qulaq asmaq;

– Zülalla zəngin səhər yeməyi yemək.

Həqiqətən də saat səkkizə qədər ediləcək çox şey var.

Səhər vərdişləri ilə bağlı bu doqmanın tam nə zaman yayılmağa başladığını bilmirik, amma “uğurlu insanlar”ın günlük rutini bir anda ortaya çıxdı. Vərdişlər yaxşı ola bilər, lakin onların mütləq səhər-səhər icra edilməli olduğunu düşünmürük. Hər bir insanın maksimum məhsuldar olduğu saatlar var. Əgər məhsuldarlığınızı artırmaq istəyirsinizsə, günün hansı saatlarında – gündüz və ya axşam – daha çox  aktiv olduğunuz vacib deyil.

Bir sözlə, maksimum dərəcədə məhsuldar olduğunuz və özünüzü yaxşı hiss etdiyiniz vaxtı siz özünüz müəyyən etməlisiniz. Ruhlandırıcı nitqlər söyləyən spiker Brayan Treysi bunu “bioloji saatınızla üst-üstə düşən, maksimum konsentrasiyalı və məhsuldar olduğumuz dövr” adlandırır.

Sehrli vaxtınızı necə idarə etməlisiniz

Alimlər uzun müddətdir insan bədəninin təbii dövrlərini öyrənirlər. Bununla məşğul olan elm xronobiologiya adlanır. Yəqin ki, yuxu, oyanış, bədən istiliyi və hormon səviyyəsinə təsir edən sutkalıq bioritmlər haqqında eşitmisiniz. Lakin iş günü ərzində biz 90-120 dəqiqəlik dövrlər olan ultradian ritmlər yaşayırıq (20 saatdan az). Bu ritmlər işə başlayanda niyə özümüzü cəsarətli və enerjili hiss etdiyimizi, iki saat keçəndən sonra isə Instagramı yoxladığımızı və yeməyə bir şey axtardığımızı izah edir.

Enerji səviyyəsinin yüksəlməsi və azalması normaldır (və qaçılmazdır). Buna görə planları ritmlərinizə uyğun qurmaq o qədər vacibdir. Mütəxəssislər üç həftə ərzində enerjinizi, fokusunuzu və motivasiyanızı 1-dən 10-a qədər qiymətləndirməyi məsləhət görürlər.

Məhsuldarlıq qrafiklərini doldurmaq sizin üçün darıxdırıcı görünə bilər, lakin bu sizə qısa müddət ərzində bəzi qanunauyğunluqları görməyə kömək edəcək. Əlbəttə ki, müxtəlif qeyri-standart situasiyaları nəzərə almaq lazımdır – məsələn, yuxusuz bir gecə və ya soyuq hava. Nəticədə, dövrlərdən necə istifadə edə biləcəyinizi başa düşəcəksiniz.

Bədəninizi və ağlınızı məşğul edin

Mütləq deyil ki, məhsuldarlıq mütəxəssisi üçün effektiv olan səhər vərdişi sizə də uyğun gəlsin. Məsələn, hər səhər yüngül yemək yeyib şəxsi məşqçinizlə görüşürsünüz. Və bu, istəkdən asılı deyil. Nəhayət, 20 dəqiqəlik məşqdən sonra özünüzü enerjili hiss edirsiniz və tam oyanırsınız.

Əzabınız bitəndən sonra duş qəbul edib ofisinizə gedirsiniz. Bir fincan qəhvə içib işə başlayırsınız. Düzünü desək, bu, günün ən sevdiyiniz anlardan biridir. Bu sizin maksimum dərəcədə məhsuldar olduğunuz dövrdür. Yeni sənəd yaradırsınız və bu gün ərzində həll etmək istədiyiniz problem haqqında fikirləriniz bitənə qədər yazırsınız. Bütün bunlar təxminən iki saat vaxtınızı alır.  Bu, “prime-time”dır.

Daha əvvəl qeyd edildiyi kimi, “prime-time” günün istənilən saatlarında ola bilər – səhər, günorta və ya axşam.

Düzgün qrafik seçin

Sahibkar və investor Pol Gram əksər peşələr üçün iş üslubundan birini seçməli olduğunuzu hesab edir – menecer və ya yaradıcı cədvəli üzrə.

“Menecer cədvəli müdirlər üçün uyğundur. Bu, saatlıq intervallara bölünən qrafikdir. Əgər lazım gələrsə, bir tapşırığa iki və daha çox saat vaxt ayırmaq olar”. Yazıçılar, proqramçılar, dizaynerlər və yaradıcı peşələrin digər nümayəndələri isə yaradıcı cədvəlindən istifadə etməlidirlər.

Startapçılar, sahibkarlar və baş direktorlar həm yaradıcı, həm də menecer sayılırlar.
Əgər siz texnologiyalar və ya kontentin yaradılması sahəsində çalışırsınızsa, məhsul üzərində işləmək üçün əlavə vaxt tələb oluna bilər. Mahiyyət “yaratmaq” sözündədir. Əgər “biznes” və ya “komanda” yaradırsınızsa, onda yaradıcı kimi işləməlisiniz.

İstirahət edin

2016-cı ildə məhsuldarlıq mütəxəssisi Skott Barri Kaufman insanların 72%-nin yaradıcı fikrə sahib olduğunu sübut etmişdir. Bəlkə siz də bu qrupa daxilsiniz. Bu halda istirahətə xüsusi diqqət ayırmalısınız, çünki istirahət kreativ düşüncəni stimullaşdırır.

Beyin istirahət edən zaman xəyal qurmağa və xətti düşünməyə başlayır. Bu, demək olar ki, “prime-time”ın növlərindən biridir.

“Prime-time”ınızı qoruyun

Unutmayın ki, maksimum dərəcədə məhsuldar olduğunuz saatlar çox dəyərlidir. Onları bacardığınız qədər qoruyun. Onları yalnız mürəkkəb tapşırıqların yerinə yetirilməsinə xərcləyin.

Bioritminizi təhlil edin və sizə uyğun olan qrafik qurun “Prime-time” sizin gizli silahınızdır. Ondan düzgün istifadə edin və məhsuldarlığınız qat-qat artacaq.

Son xəbərlər
Digər xəbərlər