21 C
Baku
Wednesday, June 4, 2025

Niyə Uoll-Strit ABŞ dollarının ucuzlaşacağını düşünür?

Hazırda Uoll-Stritdəki banklar, hedc-fondlar və bir sıra maliyyə şirkətləri ABŞ dolları ilə bağlı öz proqnozlarını pisləşdirərək pessimist düşünməyə başlayıblar. Faiz dərəcələrinin azaldılması, iqtisadi artımın zəifləməsi, eləcə də prezident Donald Trampın həyata keçirdiyi ticarət tarifləri və vergi siyasəti “təhlükəsiz liman” sayılan dollara neqaiv təsirini göstərməyə başlayıb.

Banker.az-ın İnvestisiya bölməsi bununla bağlı qısaca məlumat versə də, bunu daha geniş şəkildə izah gətirmək istərdik.

Belə ki, “Morgan Stanley” gələn ilin ortalarınadək dolların məzənnəsi Covid-19 pandemiyası dövründəki səviyyələrə enəcəyi qənaətindədir. “JPMorgan Chase” da ABŞ valyutası ilə bağlı neqativ gözləntilərini ortaya qoyub. “Goldman Sachs” qeyd edir ki, Vaşinqtonun potensial tarif problemləri fonunda alternativ gəlir mənbələri axtarışı dolların mövqelərini daha da zəiflədə bilər.

Bazar ertəsi dollar, qlobal ticarət gərginliyinin artması fonunda G10 (10 ən iri iqtisadiyyat) ölkələrinin bütün əsas valyutaları qarşısında ucuzlaşıb. “Bloomberg Dollar Spot” indeksi 0.5% düşərək apreldə başlamış azalma tendensiyasını davam etdirib və 2023-cü ilin iyulundan bəri ən aşağı səviyyəyə yaxınlaşıb.

“Morgan Stanley”dən olanstrateqlər 31 may tarixli qeydlərində bildiriblər ki, faiz və valyuta bazarlarında formalaşan tendensiyalar gələcəkdə də davam edəcək. Onlar ABŞ dollarının məzənnəsində əhəmiyyətli enmə və gəlirlilik əyrilərində nəzərəçarpacaq sərtləşmə proqnozlaşdırırlar.

Bank gözləyir ki, gələn ilin bu vaxtına qədər ABŞ dolları indeksi təxminən 9% azalaraq 91 səviyyəsinə düşəcək. Hansıki, hazırda bu səviyyə 99 bənddir.

Trampın ticarət siyasəti investorların ABŞ aktivlərinə münasibətinə təsir göstərib və dünya iqtisadiyyatının dollardan asılılığının yenidən dəyərləndirilməsinə səbəb olub. Bununla belə, hazırkı “ayı” (bearish) əhval-ruhiyyə hələ tarixi minimum səviyyələrdən uzaqdır. Əmtəə Fyuçersləri üzrə Ticarət Komissiyasının (CFTC) məlumatlarında qeyd edilir ki, dolların gələcəkdə daha da zəifləməsi üçün potensialı var.

Mira Çandan rəhbərlik etdiyi “JPMorgan” strateqləri ötən həftə dollarla bağlı neqativ proqnozlarını gücləndiriblər və əvəzində yapon yeni, avro Avstraliya dolları üzrə mövqe tutmağı tövsiyə edirlər. “Morgan Stanley” də avro və yeni, eyni zamanda İsveçrə frankını dolların zəifləməsindən fayda götürə biləcək valyutalar arasında göstərir.

Avro bazar ertəsi $1.1437 səviyyəsinə qədər yüksələrək son beş həftənin maksimumunu yeniləyib və “Morgan Stanley” gələn il bu məzənnənin təxminən $1.25-ə çatacağını gözləyir. Bank həmçinin funt sterlinqin $1.35-dən $1.45-ə yüksələcəyini proqnozlaşdırır ki, buna səbəb investorlar üçün yüksək gəlirlilik səviyyəsi və Böyük Britaniyada ticarət gərginliyinə dair risklərin azlığı göstərilir. Analitiklər yenin 143-dən 130-a qədər möhkəmlənə biləcəyini də bildirirlər.

“Morgan Stanley” əlavə edir ki, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi bu ilin sonuna qədər 4%-ə düşəcək və gələn il FED-in faiz dərəcəsini əlavə 175 baza bəndi və ya 1.75 faiz bəndi endirməsi ilə bu gəlirlilik daha da kəskin azalacaq. Hazırda isə bu göstərici 4.44%-ə yüksəlib.

“Goldman”da ABŞ-da qəbul olunması gözlənilən yeni vergi qanunvericiliyinin xarici vətəndaşlara və şirkətlərə təsir edə biləcəyini diqqətlə izləyirlər və bu bankı ən çox narahat edən məqamlardan biri ABŞ-ın vergi siyasəti ilə bağlı qeyri-müəyyənlikdir.

Bloomberg yazır ki, ABŞ lideri Trampın Konqresdən keçirməyə çalışdığı geniş vergi və xərclər qanun layihəsində bu dəyişikliklər “dərin şəkildə gizlədilib”. Qanun layihəsində, xüsusilə, ABŞ-da aktivlərə sahib olan xarici investorların faiz və dividendlər şəklində əldə etdikləri passiv gəlirlər üzrə vergi dərəcələrinin artırılması nəzərdə tutulur — bu aktivlərin ümumi dəyəri trilyonlarla dollarla ölçülür.

“Goldman Sachs” strateqləri bildirirlər ki, hətta yeni qanunun tətbiqi məhdud olsa belə, ABŞ-da investisiya riskləri ilə bağlı narahatlıqları artıracaq. İnvestorlar artıq aktivlər arasında korrelyasiyaların dəyişməsini diversifikasiya və ABŞ aktivlərindən uzaqlaşma üçün səbəb kimi dəyərləndirirlər.

“Goldman”ın ayrıca hesabatında bildirilir ki, dollar hazırda təxminən 15% dəyərindən artıq qiymətləndirilib. Onların fikrincə, qlobal aktivlərin yenidən bölüşdürülməsi və qiymətləndirilməsi dolların məzənnəsinin daha da azalmasına səbəb olacaq.

Son xəbərlər
Digər xəbərlər