Nizamnamə kapitalı: ƏDV necə hesablanır?

0

Son vaxtlar hüquqi şəxslər tərəfindən digər hüquqi şəxslərin nizamnamə kapitalına əmlak formasında pay qoyuluşu, həmçinin sonradan iştirakçılıqdan çıxaraq həmin əmlakın geri qaytarılması əməliyyatları çoxalıb və bu əməliyyatlar zamanı müxtəlif suallar meydana çıxır: belə əməliyyatlarda ƏDV necə hesablanmalıdır, bu əməliyyatlar mənfəət vergisinə cəlb edilirmi, pay qoyulan əmlakın taleyi necə olmalıdır və s.
Sullara iqtisadçı ekspert Altay Cəfərov ayd
ınlıq gətirir.

Tutaq ki, “AA” MMC 10.000 manat + 1800 manat = 11.800 manatlıq avadanlıq alıb. Bir müddət sonra “AA” MMC digər hüquqi şəxslə birlikdə yeni bir “VV” MMC yaradıb. Bu zaman yeni müəssisənin nizamnamə kapitalına pay kimi 15.000 manatlıq əmlak qoymalıdır və balansında olan 11.800 manatlıq avadanlığı pay kimi qoyub. Sonradan isə payını geri götürərək payçılıqdan çıxmaq qərarına gəlib. Nəzərə alaq ki, “VV” MMC istifadə etdiyi müddətdə avadanlığa 2.000 manat amortizasiya hesablayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Birinci addım kimi avadanlığın balansdan necə çıxmalı olduğuna baxaq. Hüquqi şəxsin nizamnamə kapitalına əsas vəsaitin (avadanlığın) pay qoyuluşu artıq avadanlıq üzərində olan mülkiyyət hüququnun “VV” MMC-yə keçməsi deməkdir və onun üzərində sərancam vermək, tam istifadə etmək səlahiyyətləri də yeni müəssisəyə keçir. Bu zaman sual çıxır ki, belə əməliyyatda ƏDV hesablanılmalıdırmı?

Vergi Məcəlləsinin 164.1.5-ci maddəsində bildirilir ki, idxal edilən əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azaddır.

Deməli, avadanlıq yerli şirkətdən alındığına və əvəzində heç bir əmlak tələb edilmədiyinə görə, 10.000 manat əmlak ƏDV-yə cəlb edilmir. Bu əməliyyat ƏDV obyektinə aiddir, lakin ƏDV-dən azad edilmiş əməliyyat sayılır. Yəni 159-cu maddəyə əsasən malların təqdim edilməsi kimi qiymətləndirilir. Odur ki, bu misalda pay qoyuluşunda ƏDV yoxdur. Amma 10.000 manatlıq əmlak 15.000 manat dəyərləndirilərək pay qoyulub. Burada hansı əlavə vergi öhdəlikləri mövcuddur?

İlkin olaraq görünür ki, “AA” MMC-nin 15.000 -10.000 = 5000 manat gəliri əmələ gəlib. Yəni 10.000 manatlıq avadanlığı 15.000 manata təqdim edib. Əslində isə məsələ göründüyü kimi deyildir. “AA” MMC-nin balansında törəmə və ya asılı müəssisələrə investisiya qoyuluşu kimi məbləğ 10.000 manat kimi yazılmalıdır. Yəni pay qoyuluşu payların təqdim edilməsi deyildir və balansda ona çəkilən xərclərin maya dəyəri ilə uçota alınmalıdır. “AA” MMC sonradan payları 15.000 manata satsa, bu, artıq başqa bir vergitutma obyektidir. Amma ilkin olaraq pay qoyulmada vergitutma məsələsi yaranmır.

İkinci məsələ isə payların geri qaytarılmasıdır. “AA” MMC qoyduğu payı (avadanlığı) geri alanda da onun heç bir vergitutma obyekti yaranmır.Yəni 10.000 manata pay kimi verdiyi avadanlığı həmin məbləğdə də geri götürür. “VV” MMC-də isə məsələ başqa formadadır. O, əldə etdiyi və mülkiyyətində olan 15.000 manatlıq avadanlığa 2.000 manat amortizasiya hesablayıb.

Mülki Məcəllənin 96.2-ci maddəsində yazılıb: “Əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir”.

İlkin olaraq avadanlıq “VV” MMC-nin balansına keçəndən sonra bu onun mülkiyyəti sayılır və sonradan “AA” MMC-yə qaytarma da Məcəllənin 13.2.10.-cu, 13.2.12.-ci maddəsinə əsasən təqdimedilmə sayıla bilər. Bu halda da Vergi Məcəlləsinin 159.5.-ci maddəsinə əsasən avadanlıq vergitutma obyektinə çevrilə bilər. Yəni tam amortizasiya olunmadan əsas vəsaitlərin silinməsinə uyğundur. Odur ki, vergi orqanları avadanlığın geri qaytarılması əməliyyatını geriqaytarma yox, əsas vəsaitlərin təqdim edilməsi kimi qiymətləndirə bilər. Onda avadanlıq həm ƏDV, həm də mənfəət vergisi obyektinə çevrilə bilər.
Bir məqama da diqqət edək ki, Mülki Məcəllənin 96.2.-ci maddəsi istifadə hüququ ilə pay qoyulmuş əmlaka münasibətdə tətbiq olunur. Yəni nizamnamə kapitalına pay qoyulan əmlak geri götürüləndə əvəz ödənilmir və burada vergitutma məsələləri yaranmır.

Vergi ödəyiciləri əsas vəsaitlərin mülkiyyət hüququ, istifadə hüququ ilə pay qoyulması məsələlərinə çox diqqətli yanaşmalıdırlar. Çünki nizamnamə kapitalına pay qoyulanda mülkiyyət hüququ ilə istifadə hüququ tam ayrı- ayrı məsələlərdir və bunlarla bağlı vergitutma məsələləri də fərqlidir.

Vergiler.az