Banqladeş məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusa 6 ay həbs cəzası verib.
Bu barədə “Dhaka Tribune” məlumat yayıb.
M.Yunusla yanaşı, onun təsis etdiyi “Grameen Telecom” telekommunikasiya şirkətinin rəhbəri də məhkum edilib. Onlar həmçinin bir maddə ilə 5 min taka (45 ABŞ dolları), digər maddə üzrə 25 min taka (227 ABŞ dolları) cərimələniblər.
İqtisadi inkişaf sahəsindəki fəaliyyətinə görə 2006-cı ildə Nobel Sülh Mükafatına layiq görülən 83 yaşlı iqtisadçı 1983-cü ildə təsis etdiyi “Grameen Bank” vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikrokreditlər verməyə başladıqdan sonra beynəlxalq səviyyədə tanınıb.
Bildirilib ki, daha sonra ölkənin Baş naziri Şeyx Hasina Məhəmməd Yunusu fermerləri maliyyə əsarəti altına almaqda günahlandırıb.
Qeyd edək ki, 2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası M.Yunusun xeyriyyə fondları ilə bağlı araşdırmalar aparmağa başlayıb.