Norveçin Neft və Energetika Nazirliyi ölkənin iyun-dekabr aylarında neft hasilatını azaldacağını bildirib.
Banker.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.
“Biz iyun ayında neft hasilatını gündə 250 min barel, 2020-ci ilin ikinci yarısında isə gündə 134 min barel azaldacağıq. Bundan əlavə, bəzi yataqlarda hasilatın başlanması 2021-ci ilə qədər təxirə salınacaq”, – deyə neft və energetika naziri Tina Bru bildirir.
“Müvafiq olaraq, 2020-ci ilin dekabr ayında Norveçin ümumi neft hasilatı gündə 300 min barel az olacaq”, – nazir əlavə edir.
Qeyd edək ki, Norveç dünyanın ən böyük neft ixracatçıları sırasındadır. Ölkənin neft-qaz sektoru ÜDM-nin 18%-nə bərabərdir.
Xatırladaq ki, aprelin 12-də OPEC+ iştirakçıları neft hasilatının may-iyun aylarında gündə 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2022-ci ilin sonuna qədər 5,8 milyon barel azaldılması üzrə ortaq razılığa gəliblər. OPEC+ müqaviləsinin iştirakçısı olmayan bir sıra dövlətlər, o cümlədən ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya da neft hasilatını gündə 4-5 milyon barel azaltmağa razı olublar.