Norveç kapitallı BOKT “Viator Mikrokredit Azərbaycan” MMC 2020-ci ildə əlində olan nəğd vəsaitləri borcların qaytarılması və müştərilərə kredit kimi yönəldib.
Banker.az bu barədə “Nexia EA” audit şirkətinin “Viator Mikrokredit Azərbaycan” BOKT-un audit hesabatına olan rəyinə istinad edir. Rəy hər iki tərəfdən 5 aprel 2021-ci il tarixdə təsdiqlənib.
2020-ci ilin əvvəlində BOKT-un 1 milyon 112.37 min manatlıq nağd pul vəsaitləri ilin sonuna 393.45 min manata qədər azalmışdır. Əvəzində, əsas fəaliyyət istiqaməti olan müştərilərə verdiyi kredit portfelinin həcmi 367.45 min, yaxud 6.6% artaraq 5 milyon 962.15 min manata qədər artıb. Aktivlərinin 382.24 min manatı əmlakı (illik:+9%), 73.8 min manatı isə satış üçün saxlanılan aktivlər olmuşdur. 32.33 minlik ilin əvvəlində olan təxirə salınmış vergi aktivi ilin sonuna sıfırlanıb.
Beləliklə son bir il ərzində cəmi aktivlərin həcmi 7 milyon 262.72 min manatdan 6 milyon 872.21 min manata qədər azalıb.
BORCLAR AZALIR
Maliyyə vəziyyəti üçün çətin bir il olmasına rəğmən xarici investisiyalı “Viator Mikrokredit Azərbaycan” borc vəziyyətini yüngülləşdirə bilib. Məsələn, 2020-ci ilin əvvəlindəki borcdan 664.13 min manatını, yaxud 22%-ni ödəməklə faizli borcunun həcmini 2 milyon 337.21 min manata qədər endirə bilib. Lakin BOKT 26 min manat üzərində vergi öhdəliyi yaranmışdır. Bununla da cəmi öhdəliklərinin həcmini 2 milyon 398 min manata qədər azaltmışdır.
XALİS MƏNFƏƏT KƏSKİN DÜŞÜB
“Viator Mikrokredit Azərbaycan” 2020-ci ildə 1 milyon 697.37 min manat faiz gəlirləri əldə etməklə öncəki ili 28.6% üstələyib. Bu faiz gəlirləri qarşısında cəmi 95.11 min manat faiz xərci olub.
BOKT 946 min manat içşi xərci (2019: 892 min manat), ümumi və administrativ xərcləri 272.86 min manat (334.87 min manat) olmuşdur.
Beləliklə, BOKT-un 291.41 min manat mənfəəti olub. Buradan da 127.1 min manat mənfəət vergisi ödədikdən sonra xalis mənfəəti 164.32 min manat olmuşdur. Öncəki ildən xalis mənfəətin (3 milyon 347.09 min manat) az olmasına səbəb bu il ərzində problemli kreditlər üzrə ehtiyatlara 93 min manat ayırmadır. Halbuki, ötən BOKT-un kassasına bu növ əməliyyatlarda əksinə, vəsait daxil olmuşdu.
Bu xalis mənfəətdən sonra balansında olan bölüşdürülməmiş mənfəətin həcmi 3 milyon 588.32 min manata yüksəlib. Beləliklə nizamnamə kapitalı ilə birlikdə 4 milyon 414.07 min manat cəmi kapitala sahibdir.
BOKT-un 5 filialı olmaqla cəmi 62 işçi heyətinə sahib olub, halbu ki, işçi sayı öncəki ildə 65 idi.