Norveç hərbçiləri minlərlə məktub göndərərək ölkə vətəndaşlarını Rusiya ilə genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə evlərin və nəqliyyat vasitələrinin müsadirəsinə hazır olmağa çağırıblar.
Bu barədə krallığın hərbi rəsmilərinə istinadən “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Norveç Silahlı Qüvvələrinin Logistika bölməsinin rəhbəri Andres Yernberq nəşrə bildirib ki, bu gün ölkə təhlükəsizlik siyasəti sahəsində İkinci Dünya müharibəsindən bəri ən ciddi vəziyyətlə üz-üzədir.
Hərbçi vurğulayıb ki, Norveç cəmiyyəti müdafiə sahəsində böhranlara, hətta müharibəyə hazır olmalıdır. Onun sözlərinə görə, hazırda krallıqda hərbi və mülki hazırlığın gücləndirilməsi həyata keçirilir.







