Norveçin “Norwegian” hava yolu şirkəti “Boeing 737 Max8” təyyarəsinin martın 10-da Efiopiyadakı qəzasından sonra malik olduğu 18 ədəd həmin tipli təyyarəni işlədə bilməyəcəyi üçün təyyarələrin istehsalçısı “Boeing” şirkətinə qarşı iddia irəli sürmək niyyətindədir.
“E24”-ə istinadən, bu barədə hava yolu şirkətinin mətbuat katibi Lasse Sandaker Nilsen bildirib.
O deyib ki, bütövlükdə, “Boeing”dən təzminat istəyəcəyik: “Biz tam yeni təyyarə işlədə bilmədiyimiz üzündən iqtisadi sıxıntılar çəkməli deyilik.”
Şirkətin mətbuat katibi tələb edəcəkləri vəsaitin məbləğini açıqlamayıb.
Qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) “Boeing 737 Max8” və “Boeing 737-9 Max” tipli təyyarələrin Avropa İttifaqı məkanında istifadəsinə müvəqqəti qadağa qoyub.
Bununla yanaşı, “Boeing 737 Max8” tipli təyyarələrin işlətməsi Avstraliya, Sinqapur, İndoneziya, Malayziya, Çin, Cənubi Koreya, Oman kimi ölkələrin hava yolu şirkətləri tərəfindən dayandırılıb.