Norveç kapitallı bank olmayan kredit təşkilatı “Viator Mikrokredit Azərbaycan” MMC audit hesabatını açıqlayıb.
Bu BOKT-un 2019-cu il üzrə audit hesabatını “Nexia EA” audit şirkəti aparıb.
2019-cu il ərzində “Viator Mikrokredit Azərbaycan”ın müştərilərə verdiyi kreditdən faiz gəliri 1 mln. 319 min manat təşkil edib. Bu isə öncəki illə müqayisədə 8.4% azalma deməkdir. Lakin, BOKT-un aldığı borclar üzrə xərclərin də həcmi isə, əksinə, artaraq 22 min manata çatıb. Faizdəki gəlir və xərc fərqi 1 milyon 297 min manat olub (2018: 1 mln. 420 min manat).
Xalis faiz gəliri azalsa da problemli kreditlərin geri dönüşü xalis mənfəətinə mühüm təsir edib. Belə ki, Viator Mikrokredit Azərbaycan” ötən il ərzində 2 mln. 16 min manatlıq problemli kreditlərinin geridönüşündən qazanıb. Ümumi gəlir xərcləri qarşılamış və 3 mln. 347 min manat xalis mənfəət əldə edib. Bu mənfəətdən sonra bölüşdürülməmiş mənfəətin həcmi 3 mln. 410 min manat olub.
Aktivləri böyüyüb
“Viator Mikrokredit Azərbaycan” ötən il ərzində 49% böyütməklə 7 mln. 263 min manata çatdırıb. Amma böyük artıma səbəb müştərilərə verilən kreditlə yanaşı əlindəki nəğd vəsaitlər olub (hesabat fotoda).
BOKT ötən il ərzində faizli borclarının bir hissəsini ödəyərək 3 milyon manata qədər azaldıb. Cəmi öhdəliyi isə 3 milyon 13 min manatdır.
Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə təsis edilib və 694 min manat nizamnamə kapitalı var. Kapitalının 100%-i Norveçin Viator AS Missioner Təşkilatına məxsusdur.