Qeydlər, cədvəllər və layihələrlə iş üçün platforma tərtib edən “Notion” şirkəti əməkdaşlarına səhmlərin satışı üzrə tender keçirdiyini açıqlayıb. Sövdələşmə zamanı şirkətin dəyəri 11 milyard dollar olaraq qiymətləndirilib. Bu barədə məlumatlı mənbələrə istinadən “Forbes” yazır.
Mənbələrin bildirdiyinə görə, bu əməliyyat mümkün IPO-ya hazırlıq çərçivəsində keçirilən “sürətli” maliyyələşmə raundlarının bir hissəsi ola bilər.
Səhmləri “Sequoia Capital”, “Index Ventures” və Sinqapurun dövlət investisiya fondu GIC alacaq. Sövdələşmənin ümumi həcmi təxminən 300 milyon dollar təşkil edir.
2025-ci ilin dekabr ayının əvvəlində “Bloomberg” yazmışdı ki, “Notion” şirkəti 12 milyard dollar dəyərində qiymətləndirməyə ümid edir. Son dəfə “Notion” səhmlərin geri alınmasını 2022-ci ildə, 10 milyard dollar qiymətləndirmə ilə həyata keçirmişdi.
“Forbes”in məlumatına görə, “Notion”un illik gəliri təxminən 600 milyon dollardır. Bunun təxminən yarısı süni intellektə əsaslanan məhsulların payına düşür. Şirkətdə 1000-ə yaxın əməkdaş çalışır, müştərilər arasında isə “OpenAI” və “Cursor” var.







