“Novartis” ABŞ-nin biotexnologiya şirkəti “Avidity Biosciences”i almaq barədə razılığa gəlib. Müqavilə şərtlərinə əsasən, İsveçrə şirkəti “Avidity”nin hər bir səhminə 72 dollar ödəyəcək ki, bu da 46% həcmində mükafat deməkdir. “Novartis”in açıqlamasına görə, bu şərtlərlə “Avidity Biosciences”in dəyəri 12 milyard dollar qiymətləndirilir.
“Avidity Biosciences” nadir genetik xəstəliklərin, o cümlədən 1-ci tip miotonik distrofiya və Duşen əzələ distrofiyası kimi xəstəliklərin müalicəsi üçün RNT əsaslı eksperimental dərmanların hazırlanması ilə məşğuldur. Sazişin 2026-cı ilin ilk yarısında tamamlanacağı gözlənilir. Nyu-York birjasında bu xəbərin fonunda “Novartis” səhmləri təxminən 1% ucuzlaşıb, “Nasdaq” birjasında “Avidity” səhmləri isə 1,24% bahalaşıb. İl ərzində amerikalı şirkətin səhmləri ümumilikdə 69% artıb.
Bu, “Novartis”in son iki ay ərzində ikinci böyük alışı olacaq. Sentyabr ayında İsveçrə şirkəti immun və iltihabi xəstəliklərin müalicəsi üçün dərmanlar hazırlayan “Tourmaline Bio” şirkətini 4,1 milyard dollara aldığını elan etmişdi.







