12 C
Baku
Saturday, November 23, 2024

Növbəli iş rejimində bayram günlərində işləyən işçinin əməkhaqqı necə ödənilməlidir?

Növbəli iş rejimində çalışan işçi bayram günlərində işləyərsə, onun əməkhaqqının necə ödənilməsi mütəxəssislər arasında müzakirə olunan məsələlərdəndir. Sərbəst auditor Altay Cəfərovun şərhi bu məsələyə həsr olunub.

Tutaq ki, “AA” MMC-nin fəaliyyətində növbəli iş rejimi tətbiq olunur. MMC-nin noyabr ayında normal iş rejimi üzrə hər bir işçi 160 saat işləməlidir. Hər növbə üzrə 160 saat iş həcmi əmək müqavilələrində təsbit olunmuşdur.

İşçilərin bir qisminin iş növbəsi 8 və 9 noyabr bayram günlərinə düşmüşdür. Burada ilkin olaraq belə təsəvvür yaranır ki, bayram günlərində çalışmış işçilərə əməkhaqqı ən azı 2 misli məbləğində ödənilməlidir. Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

• əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

• əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

• aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Həmçinin, maddənin 2-ci hissəsinə görə, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Burada məsələyə iki cür yanaşmaq olar:

– birincisi, işəgötürən növbəli iş rejimi olmasına baxmayaraq çalışmalıdır ki, istirahət və bayram günlərində işçiləri işə cəlb etməsin;

– ikincisi, əgər bu mümkün olmasa, o zaman növbəli iş rejimini tədbiq edəndə çalışılmalıdır ki, işçilər aylıq iş normasında işləsinlər.

Yuxarıdakı misalda, işçi bayram günlərində çalışmış olsa da, iş rejiminə görə noyabr ayındakı 160 saat normasını aşmamışdır.

Bundan əlavə, məsələyə məntiq və mahiyyətə görə baxsaq, işçi bayram günlərində işləsə də, qalan günlərdə günəvəzi kimi istirahət etmiş sayılır. Yuxarıdakı misalda işçi əmək müqaviləsinə görə MMC ilə növbəli iş rejimində çalışmağa və normal iş saatları normasını işləməyə razılaşmışdır. Ona görə də bayram günlərində işlədiyinə baxmayaraq, ona ikiqat əməkhaqqı ödənilməyəcəkdir. Çünki o, 160 saatlıq iş normasını yerinə yetirmişdir. Bununla belə, 8-9 noyabr tarixlərindəki iş 160 saatlıq iş normasından artıq olduğu halda, işçiyə əlavə olaraq gündəlik və ya saatlıq əməkhaqqının iki misli miqdarında əməkhaqqı ödənilməlidir.

Son xəbərlər
Digər xəbərlər