Növbəti dövrlərdə “Rəqəmsal məktəb” platformasında şagirdlər üçün daha çox imkanlar yaradılacaq.
Bunu bu gün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin idarə rəisi Vüsal Xanlarov “Gənc müəllimlərin IV şəbəkələşmə Forum”unda çıxışı zamanı deyib.
O bildirib ki, şagirdlər üçün elektron poçt və saxlanc yerləri yaradılacaq ki, onlar lazım olan materialları həmin saxlanc yerlərində saxlaya bilsinlər.
“Eyni zamanda platformada hər bir mövzu ilə bağlı videodərslər var.
Hazırda platformada ibtidai siniflər üçün 932 mövzu yerləşdirilib. Eyni zamanda 5,6,7-ci sinif şagirdləri üçün 367 mövzu platformaya yerləşdirilib” – deyə o əlavə edib.
V.Xanlarov həmçinin qeyd edib ki, bu ildən bir neçə məktəb əmrləri elektronlaşdırılıb.
“Biz çalışırıq ki, kargüzarlıq işləri, kağızlarla bağlı işlər elektronlaşdırılsın. Bu zaman müəllimlərin dərs deməyə daha çox vaxt qalacaq. Biz hədəfləmişik ki, elektron jurnal sınaqdan uğurla keçsə, sentyabr ayından kağız jurnallardan tamamilə imtina edib, elektron jurnallardan istifadə ediləcək” – deyə o əlavə edib.
Xatıraldaq ki, bir müddət əvvəl müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçün milli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətə başlayıb.
İlkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir. Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.