Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən oktyabrın 9-da hərrac keçiriləcək. Budəfəki hərraca ümumilikdə 67 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyət, 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si isə qeyri-yaşayış sahəsidir.
Komitədən Banker.az-a bildirilib ki, dövlət əmlak idarəçiliyində müasir mexanizmlərin tətbiqi, innovativ imkanların istifadəsi özəlləşdirmə prosesində də geniş imkanlar yaradır. ƏMDK-nın təşkil etdiyi hərraclarda əlçatan mühit və investor rahatlığı təmin olunur. Hər kəs Elektron hərrac sisteminin təklif etdiyi üstünlüklərdən yararlanaraq müxtəlif kateqoriyalı əmlakların sahibinə çevrilə bilər. Özəlləşdirmə portalında mövcud siyahıdan seçim edən şəxs, elə oradan elektron sifariş verir. Təyin olunmuş vaxtda həm sifarişçilər, həm də prosesə maraq göstərən digər şəxslər onlayn və canlı formada hərracda iştirak edə bilər.
Yeni hərraca çıxarılan səhmdar cəmiyyətlər Şirvan, Bərdə, Lənkəran, Xaçmaz və digər şəhər və rayonlarda yerləşir. Bu kateqoriyadan olan dövlət əmlaklarının 30-45 faizi intervalında səhm paketləri prosesə çıxarılıb. Xəzər Avtonəqliyyat, Daşkəsən Aqrotexservis, Beyləqan Buzxana kimi səhmdar cəmiyyətlər təmir-tikinti, nəqliyyat, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyətə imkan verir.
Bütün kiçik dövlət müəssisələrinin torpaq və tikili üzrə ilkin hərrac qiymətləndirilməsi ayrılıqda aparılıb. Özəlləşdirməyə çıxarılan müxtəlif sahələrə aid bu dövlət əmlaklarının yüksək biznes perspektivləri mövcuddur. Bu obyektlərin ümumi faydalı sahəsi 36 kvadratmetr ilə 9297 kvadratmetr aralığındadır. Paytaxtın Qaradağ rayonunda Əmlak kompleksi, Goranboydakı Yardımçı təsərrüfat və digər dövlət əmlakları investora gəlir qazandıra bilər. Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən “Aydınlıq” şadlıq evinin ümumi faydalı sahəsi 405 kvadratmetrdir. Fəaliyyətinin bərpası bu dövlət əmlakını xidmət sahəsində yüksək gəlirli obyektə çevirə bilər.
Bu dəfə özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələrinin 13-ü Bakıda, 2-si Gəncədə, digərləri isə Samux və Sabirabadda yerləşir. Obyektlərin ümumi faydalı sahəsi 10 kvadratmetr ilə 190 kvadratmetr intervalındadır.
Sadələşdirilmiş hərrac prosesinə qoşulmaq istəyən şəxslər komitənin rəsmi internet səhifəsi (www.emdk.gov.az) və Özəlləşdirmə portalının (www.privatization.az) müvafiq bölməsinə daxil ola bilər. Bu resurslardan dövlət əmlakını seçən investor müvafiq keçiddə qeydiyyatdan keçib, ilkin hərrac qiymətinin 10 faizini ödəyərək sifarişçiyə çevrilir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.