Əsas kapitala investisiyalar növbəti il və 2026-2028-ci illərdə orta illik 3% real artım olacağı, o cümlədən qeyri neft-qaz sektoru üzrə əsas kapitala investisiyaların isə 2026-2028-ci illərdə orta illik 3,7% artacağı proqnozlaşdırılır.
Bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Qeyd edilib ki, əsas kapitala investisiyaların dinamikası və onun qeyri neft-qaz iqtisadiyyatının şaxələnməsinə, iqtisadi artıma və məşğulluğa töhfəsi əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində daxili və xarici investisiyaların cəlbi və bərpa-yenidənqurma işlərinin sürətlənməsi, qeyri neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların həcminin illik 10-15% artması hədəfi, dövlət investisiyalarının, o cümlədən büdcədən maliyyələşən investisiyaların və dövlət şirkətlərinin sərmayələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi, infrastruktur layihələrinin həyata keçirilməsində dövlət-özəl tərəfdaşlığının genişlənməsi siyasətlərinin həyata keçirilməsi, özəl sektorda investisiya fəallığının artınıması üçün bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi, sahibkarlığın, xüsusilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşməsi üzrə göstərilən dəstək mexanizmlərinin təkmilləşdirilməsi və bu istiqamətdə ayrılan vəsaitlərin həcminin artırılması siyasətinin həyata keçirilməsi, potensial investisiya resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində siyasətin davam etdirilməsi hesabına formalaşacaqdır.