Növbəti il üçün dövlət büdcəsinin gəlir strukturunda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artır.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə verilən izahda bildirilib.
Qeyd edilib ki, bu. büdcənin neft amilindən asılılığının daha da azalmasına gətirib çıxaracaq. Belə ki, gəlirlərin 57,4 faizi, vergilərin isə 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacaq.
Növbəti il üçün büdcənin xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində müəyyən olunub. Növbəti il üçün dövlət büdcəsinin xərcləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən prioritetləri, o cümlədən müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, investisiya layihələrinin həyata keçirilməsi, habelə dövlətin funksiya və vəzifələrinə aid olan zəruri xərclərlə bağlı müvafiq maliyyə təminatını formalaşdırır.
Büdcə layihəsində qeyri-neft gəlirlərinin cari xərcləri ödəmə qabiliyyəti 88.1 faiz səviyyəsindədir. Bu cari illə müqayisədə 7.1 faiz bəndi çoxdur.
Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 faizi həcmindədir.
2026-cı ildə Dövlət Neft Fondundan transfertlərin həcmi cari ilə nəzərən 1 milyard 646 milyon manat az proqnozlaşdırılıb. Bu büdcənin neft gəlirlərindən aslılığının azaldılması və valyuta ehtiyatların qorunması istiqamətində görülən tədbirlərin bariz göstəricisidir.
Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində proqnozlaşdırılır.