Azərbaycan cari ilin ilk 11 ayında xaricə satdığı təbii qazın həcmini 18.65 mlrd. kub-metrə çatdırıb, lakin noyabr ayında ixrac həcmi öncəki aylardan həm qiymət, həm də həcm baxımından çox aşağıdır.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin noyabr ayında cəmi 267.72 mln. kub-m həcmində təbii qaz ixrac edilib. Bu da 2021-ci ilin oktyabrındakı “fasiləni” nəzərə almasaq son illərin aylar üzrə müqayisədə ən aşağı göstəricidir.
Noyabrda təbii qaz ixracının həcminin düşməsi ilə bərabər onun hər 1000 kub-m üçün olan dəyəri ortalama 50%-ə qədər ucuz qiymətə satılıb – 576 dollar. Bu öncəki ayda 1396 dollar idi. Məlum məsələdir ki, hazırda Avropa fevraldakı müharibə şoku ilə hər 1000 kub-m-i 2000 dollar üzərinə qalxsa da, sonradan qiymətlər bir qədər səngidi.
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib ki, ölkəmiz keçən il Avropa bazarlarına təbii qaz ixracı 8.2 milyard kubmetr, bu il isə 11.3 milyard kubmetr olub.
Prezident 11.3 mlrd. kub-m deyərkən sırf Avropaya nəql edilən qazı nəzərdə tutur.
Gələn il Azərbaycandan təbii qazın ixracının ümumilikdə təxminən 24 milyard kubmetr olacağını vurğulayan dövlətimizin başçısı xatırladıb ki, bu rəqəm 2021-ci ildə 19 milyard kubmetr olub.