10 C
Baku
Friday, December 13, 2024

Daha 98 dövlət əmlakı hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 29-da keçiriləcək hərraca daha 98 dövlət əmlakı çıxarılıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu hərraca 98 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 58 kiçik dövlət müəssisə və obyekti, 15 nəqliyyat vasitəsi çıxarılıb.

Hərracda əmlak sahibi olmaq istəyən kəs iştirakçı statusu qazanmalıdır. Bundan ötrü komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində behin ödənilməsi yetərlidir. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərraca çıxarılan 58 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ, Xəzər, Binəqədi rayonları, Gəncə, Mingəçevir və Sumqayıt şəhəri, habelə, Abşeron, Göyçay, Saatlı, Tovuz, Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 624 min manata olan qeyri-yaşayış binasıdır. Nəsimi rayonu, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kv.m., tikili sahəsi isə 255,5 kv.m.-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 450 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 300 min manata Qaradağ rayonunda Anbar, 386 min manata Sumqayıtda “Laçın” restoranı da var. Ən aşağı ilkin hərrac qiyməti isə Göyçayda yerləşən sahəsi 80,8 kv.m. olan qeyri-yaşayış sahəsinə məxsusdur. Belə ki, bu əmlak 4 min manat start qiyməti ilə təklif olunur.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrindən 8-i, kiçik müəssisələrdən 12-si paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir.

Bu dəfəki hərracda 25 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağcabədi Aqrotexservis”, “Kürdəmir Kəndkimya”, “Lənkəran Broyler”, “Masazır Quşçuluq”, “Tovuz Məişət”, “Ucar İnşaat Xidmət”, “Zabrat Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir.

Hərraclar hazırda daha rahat və açıq şəraitdə keçirilir. İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Son xəbərlər
Digər xəbərlər