9 C
Baku
Monday, December 23, 2024

Nüvə toqquşması ehtimalı artır – Çin ABŞ-la qarşıdurmaya hazırlaşır

Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra dövlət ordusunu gücləndirməyə və hərbi texnika sayını artırmağa qərar verib. Müxtəlif dövlətlərin hərbi büdcələri artır.

Nüvə silahı potensialını artırmağa qərar verən dövlətlər də var. Halbuki, bu dünyanı daha böyük fəlakətə sürükləyir. BMT baş katibi Antonio Quterreşin sözlərinə görə, dünyada toplam 13 400 nüvə başlığı var və bu, nüvə müharibəsi ehtimalını artırır. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə nüvə toqquşması təhlükəsinin miqyasını nümayiş etdirir. Qazaxıstan Ukrayna müharibəsi fonunda nüvə silahının qadağan olunmasını təklif edib. Ancaq Qazaxıstanı eşidən yoxdur. Əksinə nüvə silahına malik dövlətlər nüvə arsenallarını daha da artırırlar.

Çinin müdafiə naziri Vey Fenxe bir neçə gün əvvəl Sinqapurda keçirilən beynəlxalq forumda deyib ki, ölkəsi nüvə silahlarını modernləşdirib. Nüvə başlığı daşıyan modernləşdirilmiş raketlər ilk dəfə 2019-cu ildə Pekində hərbi paradda nümayiş etdirilib. Çində nüvə raketlərinin saxlanılması üçün 100-dən çox şaxta mövcuddur və bu say artır. Çinin müdafiə nazirinin sözlərinə görə, modernləşdirilmiş nüvə raketləri özünümüdafiəni gücləndirmək üçün lazımdır. O Çinin nüvə raketlərini kiməsə qarşı birinci istifadə etməyəcəyini bildirib.

“Ancaq bu sadəcə bəyanatdır”- deyə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. “Pekin Tayvan adasını ələ keçirmək məqsədilə ABŞ-la qarşıdurmaya hazırlaşır. Elə buna görə də Vaşinqton Çinin nüvə silahlarını artırmasından narahatdır”.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin hesab edir ki, Pekin təxribata hazırlaşır. Ostinin fikrincə, Çin qonşuları olan Yaponiya və Hindistana qarşı hərbi təzyiqi artırır.

Çinin nüvə arsenalını artırması və Şimali Koreyanın raket sınaqları Yaponiya və Cənubi Koreyanı ciddi narahat edir. Bu iki dövlət seçim qarşısındadırlar: onlar ya ABŞ-dan ərazilərində nüvə silahı yerləşdirməyi xahiş edəcəklər, ya da özləri nüvə silahının istehsalına başlayacaqlar.

Çin nüvə silahı arsenalını artırmaqla yanaşı nüvə başlığı daşıya bilən sualtı hərbi gəmilərinin sayını artırıb.  Bundan başqa Çin təyyarədaşıyan gəmilərin istehsalını sürətləndirib. Çin ayrıca, Cibuti və Kambocada böyük hərbi-dəniz bazaları inşa edir.

Elxan Şahinoğlu buna dair şərhində əlavə edir ki, “bütün bunlar Pekinin gələcək planlarından xəbər verir”.

Son xəbərlər
Digər xəbərlər