ABŞ-ın süni intellekt (AI) çipləri istehsalçısı “Nvidia” Avropada əlavə 2 milyard dollarlıq investisiya planını gələn həftə açıqlamağı nəzərdə tutur.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Şirkətin baş icraçı direktoru Jensen Huang bu barədə oktyabrın 13-də Parisdə keçirilən tədbirdə bildirib.
Huangın sözlərinə görə, bu investisiyalar şirkətin son bir ildə Avropaya yatırdığı 8 milyard dollara əlavə olacaq. O, həmçinin Fransanın dörd startapına — “Doctolib”, “Genesis AI”, “Pigment” və “Entalpic”ə yeni maliyyə dəstəyini elan edib. Şirkətlər üzrə investisiyaların konkret məbləği açıqlanmayıb.
Huang Avropanı süni intellekt sahəsində qlobal rəqabətə daha fəal qoşulmağa çağırıb. Onun fikrincə, açıq AI modelləri Avropaya texnoloji fərqi azaltmağa, modelləri yerli dillərə və ehtiyaclara uyğunlaşdırmağa imkan verə bilər.
“Nvidia” robot texnologiyalarına da xüsusi diqqət ayırır. Huang hesab edir ki, insana bənzər robotlar şirkətin texnologiyaları üçün növbəti böyük bazarlardan birinə çevrilə bilər.







