Amerikanın qrafik prosessor istehsalçısı Nvidia tarixdə bazar dəyərini 4,5 trilyon dolları keçən ilk şirkət olub.
Bunu Nasdaq birjasının məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 19:23-ə olan məlumata görə, şirkətin səhmləri 2,56% artaraq bir səhm üçün 186,51 dollar təşkil edib. Nəticədə Nvidia-nın bazar kapitallaşması 4,522 trilyon dollar təşkil edib.
Bazar dəyərinə görə Nvidia-dan geri qalan Microsoft, 514,95 dollar (+0,07%) səhm qiyməti ilə 3,83 trilyon dollar, bazar dəyərinə görə üçüncü şirkət olan Apple isə 254,02 dollar (-0,16%) səhm qiyməti ilə 3,769 trilyon dollar bazar kapitallaşmasına sahibdir.
Nvidia 1993-cü ildə əsası qoyulmuş qrafik emal vahidləri (GPU) və digər çiplər hazırlayan ABŞ texnoloji şirkətidir. Onun qərargahı Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşir. Şirkətin inkişafları süni intellekt, video oyun və avtomobil sənayesində geniş şəkildə mənimsənilib.
2025-ci il iyulun 9-da Nvidia tarixdə 4 trilyon dollardan çox bazar kapitallaşmasına çatan ilk şirkət olub.