Amerikanın “Nvidia” şirkəti həftənin sonuna qədər ChatGPT-nin yaradıcısı olan “OpenAI”yə 30 milyard dollar həcmində investisiyanı təsdiqləyə bilər. Bu barədə “Financial Times” (FT) yazır. Bildirilir ki, bu investisiya 2025-ci ilin payızında planlaşdırılan 100 milyard dollarlıq sazişi əvəz edə bilər.
Məlumata görə, “OpenAI” cəlb olunacaq vəsaitin böyük hissəsini “Nvidia”dan avadanlıqların alınmasına yenidən yönəltməyi planlaşdırır, bunun müqabilində isə “Nvidia” ChatGPT tərtibatçısının səhmlərini əldə edəcək. İnvestisiya “OpenAI”nin hesablama güclərini “giqavatlarla” artırmağa imkan verəcək və gələcək razılaşmalar üçün əsas yarada bilər. Hər iki şirkət mümkün sazişi şərh etməkdən imtina edib.
2025-ci ilin payızında videokart istehsalçısı bir neçə il ərzində “OpenAI”yə 100 milyard dollar investisiya etməyi planlaşdırırdı. Lakin yanvarın 30-da “The Wall Street Journal” yazmışdı ki, “Nvidia” daxilində potensial sazişlə bağlı şübhələr səbəbindən “OpenAI”nin maliyyələşdirilməsi planı dayandırılıb.
“Nvidia”nın rəhbəri Censen Huanq da “OpenAI”nin maliyyələşdirilməsi məbləğini dəyişdirməyi planlaşdırdığını qeyd etmişdi. Daha sonra “Reuters” agentliyi “OpenAI”nin “Nvidia”nın bəzi son çiplərindən narazı olduğunu və süni intellekt üçün alternativlər axtardığını bildirmişdi.







