Bu həftə Wall Street-in əsas diqqət mərkəzində Nvidia olacaq – süni intellekt üçün mikroçiplər bazarının liderinin rüblük hesabatı gözlənilir. Bu arada ABŞ-ın büdcə kəsiri və dövlət istiqrazlarının gəlirliyinin artması ilə bağlı narahatlıqlar fond bazarına mənfi təsir göstərib.
Ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən böyük bir qanun layihəsinin qəbul edilməsi, dövlət borcunun əhəmiyyətli dərəcədə artmasına səbəb ola biləcəyi narahatlığına yol açdı. Nəticədə, uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliyi yüksəldi, 30 illik istiqrazlar isə 5%-i keçərək 2023-cü ilin sonundan bəri ən yüksək səviyyəyə çatdı.
Bundan əlavə, cümə günü ABŞ prezidenti Donald Trump iyunun 1-dən etibarən Avropa İttifaqından idxala 50%-lik rüsum tətbiq edəcəyini, həmçinin xaricdə istehsal olunan iPhone-lara 25%-lik gömrük rüsumu tətbiq edəcəyini açıqladı. Bu da bazara əlavə təzyiq göstərdi.
İnvestorların diqqəti isə çərşənbə günü (28 may 2025) Nvidia-nın rüblük nəticələrinə yönəlib. Bu şirkətin səhm qiymətləri, əsas indekslərin hərəkətinə böyük təsir edir.
“Nvidia-nın hesabatı diqqət mərkəzində olacaq”, – deyə Horizon Investment Services şirkətindən Çak Karlson bildirib. – “Süni intellekt mövzusu bazarın əsas hərəkətverici qüvvəsinə çevrilib və Nvidia bu sahənin mərkəzində dayanır”.
Nvidia, “Möhtəşəm yeddilik” adlandırılan texnoloji nəhənglər arasında rüblük hesabat təqdim edən sonuncu şirkət olacaq. Bu qrup son iki ildə bazarın lokomotivi olsa da, 2025-ci ildə şirkətlərin səhm qiymətləri hələki fərqli istiqamətdə hərəkət edir.
Nvidia səhm qiymətləri bu ilin əvvəlindən 2% azalıb, halbuki 2022-ci ilin sonundan 2024-cü ilin sonunadək 1000%-dən çox artım göstərmişdi – bu da süni intellekt çiplərindən əldə olunan gəlirin və mənfəətin sürətli artımı ilə bağlı idi.
LSEG tərəfindən aparılan analitik sorğuya əsasən, Nvidia-nın bu rübdəki mənfəətinin təxminən 45% artaraq, ümumi gəlirin 43,2 milyard dollar səviyyəsinə çatacağı gözlənilir.
Bu rübdə bir sıra iri texnoloji şirkətlər süni intellekt sahəsində xərclərini artıracaqlarını bildiriblər. Bu baxımdan, Nvidia-nın hesabatı bazarın inkişafı və şirkətlərin planlaşdırdığı xərclər haqqında daha aydın mənzərə təqdim edə bilər – deyə B Riley Wealth şirkətindən Art Hoqan bildirib.
“Nvidia bu mövzuya marağı yenidən alovlandıra bilər”, – deyə o əlavə edib.
Bundan başqa, investorlar ABŞ və Çin arasındakı münasibətləri də diqqətlə izləyirlər. Nvidia aprel ayında bildirmişdi ki, ABŞ hökumətinin H20 AI çiplərinin Çinə ixracına qoyduğu məhdudiyyətlər səbəbilə 5,5 milyard dollar itkini siləcək.
Bu il ticarət sahəsindəki hadisələr fond bazarında ciddi dalğalanmalara səbəb olub – xüsusilə də 2 aprel tarixində Trump-ın genişmiqyaslı gömrük rüsumları elan etməsindən sonra.
Sonradan Vaşinqtonun mövqeyinin bir qədər yumşalması və ABŞ-Çin ticarət gərginliyində fasilə yaranması, səhmlər bazarında bərpaya kömək edib. S&P 500 indeksi cümə günü seansını ilin əvvəlindən 1,3% aşağıda başa vurub və fevral ayında əldə olunan rekorddan 5,6% geridə qalıb.
Ötən həftə investorların diqqəti əsasən Trump-ın vergi və büdcə planlarına yönəlmişdi – xüsusilə də Moody’s reytinq agentliyinin ABŞ-ın kredit reytinqini bir pillə aşağı salmasından sonra.
Dünya üzrə uzunmüddətli istiqrazların gəlirliyi artmağa başladı, lakin həftənin sonunda bir qədər gerilədi. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliyi cümə axşamı fevral ayından bəri ən yüksək səviyyəyə çatdı.
Yüksək gəlirlik, şirkətlər və istehlakçılar üçün borclanma xərclərinin artması deməkdir, bu isə səhmlərin cəlbediciliyini azaldır və istiqrazları nisbətən daha cəlbedici edir.
“İnvestisiya baxımından ən narahatedici məsələ odur ki, gəlirliyin artması səhmlər üçün ciddi rəqabət yaradır”, – deyə Karlson bildirib. – “Əgər bu artım davam etsə, investorların vəsaitlərini hara yönəltmələri üzərində təzyiq daha da artacaq.”