Çip istehsalçısı “Nvidia” optik və fotonik texnologiyalar hazırlayan “Lumentum” və “Coherent” şirkətlərinin hər birinə 2 milyard dollar investisiya yatırır. Bu barədə şirkətin iki ayrı bəyanatında deyilir.
Hər iki razılaşmaya əsasən, “Nvidia” “Lumentum” və “Coherent” məhsullarının milyardlarla dollar dəyərində alışını öz üzərinə götürür. İnvestisiyalar ABŞ-də yerləşən istehsal sahələrində güclərin və əməliyyat fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək. “Nvidia” gələcəkdə lazer komponentlərinin istehsal güclərinə çıxış əldə edəcək. Şirkət hesab edir ki, bu investisiyalar “Lumentum” və “Coherent”ə gələcək süni intellekt məlumat mərkəzlərinin tələbatını qarşılamaq üçün istehsal güclərini artırmağa imkan verəcək.
“Lumentum” yüksək məhsuldarlıqlı lazerlər daxil olmaqla, süni intellekt və bulud hesablamaları infrastrukturu üçün istifadə olunan optik və fotonik texnologiyaların hazırlanması ilə məşğuldur. “Coherent” isə məlumat mərkəzləri və müasir rabitə sistemləri üçün kritik əhəmiyyət daşıyan optik texnologiyalar sahəsində fəaliyyət göstərir.
“Lumentum”un səhmləri “Nasdaq” birjasında ticarətin əvvəlində 11,3% artaraq 780 dollara yüksəlib. “Coherent”in səhmləri Nyu-York Fond Birjasında 10% bahalaşaraq 284,81 dollara çatıb. “Nvidia”nın kotirovkaları isə 1,6% artaraq 180,1 dollar olub.
“Nvidia” süni intellekt çipləri sayəsində bu sahənin liderlərindən biri hesab olunur. Şirkət təxminən 4,4 trilyon dollar bazar dəyəri ilə dünyanın ən bahalı şirkətidir: 2025-ci ilin payızında o, kapitallaşması 5 trln dollara çatan ilk şirkət olub.
“Bloomberg” yazır ki, “Nvidia” əldə etdiyi mənfəəti qabaqcıl süni intellekt sistemlərinin inkişafı üçün dayanıqlı ekosistem yaratmaq məqsədilə digər şirkətlərə fəal şəkildə investisiya edir. Daha əvvəl o, “Intel”, “Nokia”, “CoreWeave” və “Synopsys” kimi şirkətlərə investisiya yatırıb. Həmçinin Anthropic və OpenAI-nin maliyyələşdirmə raundlarında iştirak edib.





