Financial Times-ın məlumatına görə, Nvidia rəhbərliyi 1 milyard dollardan çox dəyərində səhm satıb
Süni intellekt çipləri istehsal edən Nvidia şirkətinin rəhbər şəxsləri son bir il ərzində 1 milyard dollardan çox dəyərində səhm satıblar. Bu barədə Financial Times məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, təkcə son bir ayda – bazar yeni rekordlara çatarkən və investorları narahat edən geosiyasi gərginliklər arxa plana keçərkən – təxminən 500 milyon dollar dəyərində səhm satışı həyata keçirilib. Bütün bu proseslərə baxmayaraq, Nvidia-nın səhmləri bu ilin əvvəlindən bəri 17%, son üç ayda isə 44% artıb.
Sənədlərdə göstərilir ki, şirkətin baş direktoru Censen Huang mart ayında elan etdiyi, ilin sonuna qədər 6 milyon səhm satışı nəzərdə tutulan 900 milyon dollarlıq plana əsasən, bu yaxınlarda 15 milyon dollarlıq səhm satışı həyata keçirib. Onun şəxsi sərvəti hazırda 138 milyard dollar civarındadır və bu göstərici ilə Bloomberg Milyarderlər İndeksində 11-ci yerdə qərarlaşıb.
Keçən həftə Nvidia-nın səhmləri yeni rekord səviyyəyə çatıb və illik səhmdar yığıncağından sonra beş gün ardıcıl artım göstərib. Həmin tədbirdə baş direktor süni intellektdən sonra robototexnikanı şirkət üçün ən böyük imkan kimi dəyərləndirib. Bu yüksəliş Nvidia-nı yenidən Microsoft və Apple-ı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti mövqeyinə gətirib.
Financial Times bu məlumatları VerityData-nın hesabatına əsaslanaraq yayıb. Hesabata görə, səhmlərin 150 dolları keçməsi bu kütləvi satışları stimullaşdırıb.
Qeyd edək ki, Censen Huang ötən il də əvvəlcədən planlaşdırılmış satış çərçivəsində 700 milyon dollardan çox Nvidia səhmi satmışdı.
Nvidia şirkətinin nümayəndəsi bu xəbərlə bağlı şərh verməkdən imtina edib.