29 C
Baku
Thursday, August 28, 2025

“Nvidia”nın nəticələri süni intellektlə bağlı artan şübhələri aradan qaldıra bilərmi?

Süni intellektin vəd etdiyi gəlirləri nə vaxt gətirəcəyi ilə bağlı suallar ortaya çıxır, bu isə texnologiya mərkəzli ABŞ səhmlərinin göstəricilərinin rekord səviyyələrə yaxınlaşdığı bir dövrdə korreksiya riskini artırır.

Banker.az (İnvestisiya) xəbər verir ki, buna görə də, “Nvidia”nın bu həftə açıqlayacağı rüblük nəticələri yalnız şirkətin və texnologiya sektorunun deyil, bütün Uol-strit üçün mühüm bir hadisə ola bilər.

ABŞ-ın çip istehsalçısı və qlobal süni intellekt lideri olan “Nvidia” dünyanın ən dəyərli şirkətidir və bazar kapitallaşması 4,4 trilyon dollar təşkil edir. Bu, Almaniyanın DAX indeksinin bütün dəyərinin ikiqatıdır və “S&P 500”də hər hansı bir tək səhm üçün ən böyük pay olan 8%-i təşkil edir.

LSEG məlumatlarına əsasən, 40 analitikin orta proqnozuna görə, “Nvidia” çərşənbə günü gəlirlərini 46,02 milyard dollara, yəni 53% artıracaq. Bu, şirkətin üç ay əvvəl verdiyi öz proqnozundan yüksəkdir.

“Nvidia”nın ABŞ bazarında misilsiz çəkisini nəzərə alsaq, onun maliyyə hesabatları demək olar ki, ABŞ-ın ÜDM və ya inflyasiya statistikaları kimi diqqətlə izlənir. Amma bu çərşənbə günü açıqlanacaq rəqəmlər xüsusilə süni intellektdə “köpük” olub-olmadığı ilə bağlı suallar fonunda diqqətlə analiz olunacaq.

səhmə düşən gəlirlilik (narıncı) və səhmin qiyməti( mavi)

HƏDDƏN ARTIQ HEYRƏTLƏNMƏ

İnvestorlar arasında süni intellekt layihələrinə və infrastruktura qoyulan böyük investisiyaların nə vaxt və nə qədər (hətta heç vaxt) gəlir gətirəcəyi barədə şübhələr artmağa başlayıb. Bu narahatlıq yalnız 7 ən iri şirkət “Magnificent Seven” dəqısa mövqe saxlayan satıcılarla məhdudlaşmır.

“İnvestorlar ümumilikdə süni intellektə qarşı həddindən artıq həvəslənibmi? Mənim fikrimcə, bəli,” – deyə “ChatGPT”nin qurucusu Sam Altman bu ay “The Verge”ə açıqlayıb.

Massaçusets Texnologiya İnstitutunun son araşdırması göstərib ki, şirkətlərin 95%-i “Generativ AI”yə qoyduqları milyardlarla dolların heç bir gəlirini əldə etmir. 80%-dən çox şirkət “ChatGPT” və “Copilot” kimi alətləri sınayıb və ya istifadə etməyə başlayıb, lakin bunlar yalnız fərdi məhsuldarlığı artırır, şirkətlərin xalis gəlirinə təsir etmir.

İnvestorlar narahat görünür və bəzi investorlar bahalı texnologiya və böyümə səhmindən çıxaraq kiçik kapitallaşmalı və dəyər səhmələrinə yönəlməyə başlayıb. Son iki həftədə texnologiya indeksi “Nasdaq 100”u izləyən “Invesco QQQ” ETF-i təxminən 1% azalıb, “iShares Russell 2000” ETF-i isə 5%-dən çox yüksəlib.

Bu, sadəcə avqust ayının dayaz ticarət dövründə orta geri dönmə ola bilər, amma “Nvidia”nın gəlir hesabatı üçün gərgin fon yaradır.

2 3
ABŞ texnologiya və 2000 iri şirkət üzrə formalaşan ETF-lərin dinamikası

TRİLYON DOLLARLIQ MƏRC
Əsas narahatlıqlardan biri şirkətlərin süni intellektə qoyduğu böyük pullardır. ABŞ-ın “M7” texnologiya nəhəngləri gələcək illərdə süni intellekt (Sİ) ilə bağlı yüzlərlə milyard dollar sərmayə qoymağı vəd edib.

ABŞ bankı “Morgan Stanley” analitikləri 2028-ci ilə qədər qlobal məlumat mərkəzlərinə təxminən 3 trilyon dollar xərclənəcəyini, yalnız 2028-ci ildə isə 900 milyard dollar gözlənildiyini proqnozlaşdırır. Qeyd edək ki, keçən il bütün “S&P 500” şirkətləri üzrə kapital xərcləri təxminən 950 milyard dollar olub.

“McKinsey” analitikləri daha da irəli gedərək bildirir ki, 2030-cu ilə qədər qlobal məlumat mərkəzlərinə sərmayə 6,7 trilyon dollar olmalıdır – bunun içində aparat, prosessor, yaddaş, saxlama və enerji xərcləri var.

Belə böyük məbləğlərlə investisiyadan cəlbedici gəlir əldə etmək çətin olsa da, uğurlu olarsa qazanc potensialı da çox böyükdür. “Morgan Stanley” strateqləri hesab edir ki, “S&P 500” şirkətləri üçün süni intellektin uzunmüddətli “iqtisadi dəyər yaratması” ildə 920 milyard dollara çata bilər.

Qeyd edək ki, bu, “S&P 500” bazarının dəyərini 10 illik orta 18,5 qat gəlir əsasında 13 trilyon dollar, mövcud bazar qatına görə isə 16 trilyon dollar artırmaq potensialına malikdir.

3 4
Texnologiya sektorunda 4 aylıq qiymət artımları – illər üzrə dinamika

YÜKSƏK GÖZLƏNTİLƏR

Amma bu hələ uzaq perspektivdir. Yeni texnologiyalar tam mənimsənilməsi üçün illər tələb edir və bazarlar gələcəyə baxsa da, investorlar vəd olunan gəlirlər reallaşmasa, səbirlər tükənə bilər. Xüsusilə də səhm qiymətləri artmazsa.

Bu, son texnologiya geri çəkilməsində artıq özünü göstərir. “Truist Investment Advisory”nin baş investisiya direktoru Keit Lerner Reutersə deyib ki, avqust ortasına qədərki dörd ayda ABŞ texnologiya səhmələri 53% artıb, bu isə mart 2000-dən bəri müqayisəli dövrdə ən güclü nəticədir.

“Nvidia”nın rolunu nəzərə alsaq, yüksək gəlir hesabatı süni intellektlə bağlı narahatlıqları sakitləşdirə bilər, amma analitiklərin yüksək gözləntilərini ödəməsə, texnologiya sektorunda korreksiya daha sərt ola bilər.

 

Son xəbərlər
Digər xəbərlər