18 C
Baku
Friday, October 24, 2025

NYT: ABŞ və Çin arasında hərbi münaqişəyə bir addım qalıb

Vaşinqton və Pekin yaxın vaxtlarda hərbi qarşıdurmaya cəlb oluna bilər, əgər tərəflər təcili şəkildə hərbçilər arasında adekvat ünsiyyət kanalları yaratmazlarsa. Bu barədə “The New York Times” qəzetinə ABŞ müdafiə nazirinin keçmiş milli və qlobal təhlükəsizlik üzrə köməkçisi Erik Rozenbak və Harvard Universitetinin Con Kennedi İdarəetmə Məktəbinin Belfer Elmi və Beynəlxalq Münasibətlər Mərkəzinin elmi əməkdaşı Kris Li fikir bildiriblər.

Mütəxəssislər bu fikri ABŞ və onun müttəfiqləri ilə Çin arasında son illərdə Tayvan adası yaxınlığında dənizdə və havada baş verən insidentlər fonunda irəli sürüblər. Məqalə müəllifləri iki ölkənin hərbi təyyarələri arasında təhlükəli yaxınlaşma və qarşılamalarla bağlı hallara diqqət çəkiblər.

Rozenbak və Li 2001-ci ildə ABŞ-nin kəşfiyyat təyyarəsi ilə Çin qırıcı təyyarəsinin toqquşmasını xatırladıblar. Həmin hadisədə Çin pilotu həlak olmuş, ABŞ ekipajı isə Hainan adasına təcili eniş etdikdən sonra əsir götürülmüşdü. İki dövlət arasındakı fikir ayrılığı yalnız 10 gün sonra həll edilə bilmişdi. Ekspertlərin sözlərinə görə, bu gün belə bir böhranın eyni ssenari ilə həll olunacağına əminlik yoxdur.

Hazırda Vaşinqton və Pekin arasında müəyyən səviyyədə hərbi təmaslar olsa da, müəlliflər qeyd ediblər ki, bu, ABŞ və SSRİ arasında mövcud olmuş etibarlı təhlükəsizlik mexanizmlərinin yaradılmasına gətirib çıxarmayıb. Buna görə də ekspertlər hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp 30 oktyabrda Çin prezidenti Si Cinpinlə qarşıdakı görüşündə ticarət münasibətlərindən daha çox məhz bu mövzuya diqqət ayırmalıdır.

Son xəbərlər
Digər xəbərlər