İranın müharibəni dayandırmaq üçün təklif etdiyi plan Hörmüz boğazından keçən gəmilər üçün təxminən 2 milyon dollar həcmində ödənişin tətbiqini nəzərdə tutur. Bu barədə The New York Times (NYT) İran rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, 10 maddədən ibarət plan ABŞ və İsrailin gələcəkdə İrana hücumlardan imtina etməsini nəzərdə tutur. Həmçinin İsrailin Livanda “Hizbullah” mövqelərinə zərbələri dayandırması və bütün sanksiyaların ləğvi tələb olunur.
Bunun müqabilində İran Hörmüz boğazında gəmiçiliyin blokadasını dayandıracaq və hər gəmidən təxminən 2 milyon dollar rüsum almağa başlayacaq. Tehran bu vəsaitləri boğazın qarşı tərəfində yerləşən Omanla bölüşməyi planlaşdırır. İran öz payını ABŞ və İsrail zərbələri nəticəsində dağıdılmış infrastrukturun bərpasına yönəltmək niyyətindədir.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərlərini hədəf alıb. İran İnqilab Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bildirib və İsrailə hücum edib.
İran hakimiyyəti həmçinin ABŞ, İsrail və onlara dəstək verən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib. Martın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Rusiya, Hindistan, İraq, Çin və Pakistan kimi dost ölkələrin gəmilərinə boğazdan keçməyə icazə verilib.







