Fevralın 28-də Yaxın Şərqdə başlayan hərbi əməliyyatlar nəticəsində 870-dən çox insan həyatını itirib. Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, həlak olanların böyük əksəriyyəti İrandadır. Ölənlər arasında həmçinin Bəhreyn, İsrail, Küveyt, Livan və BƏƏ sakinləri, eləcə də altı amerikalı hərbçi var.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu Tehrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhlükəsi ilə əsaslandırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab olaraq genişmiqyaslı əməliyyat keçirdiyini və İsraildəki obyektləri hədəfə aldığını bildirib. Bundan başqa, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında ABŞ-yə məxsus hədəflərə də zərbələr endirilib.
İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və İslam Respublikasının rəhbərliyində yer alan bəzi digər əsas fiqurların da həlak olduğu bildirilir.






