1 yanvar 2026-cı ildən etibarən Nyu-York metrosu OMNY adlı təmassız ödəniş sisteminə keçir. Bu sistem sərnişinlərə gediş haqqını bank kartları, mobil telefonlar və ya digər ağıllı qurğular vasitəsilə ödəməyə imkan verəcək. Yeni sistem 1994-cü ildən istifadə olunan “MetroCard” nəqliyyat kartını əvəz edəcək, “Associated Press” yazır.
Nyu-York Şəhər Sərnişin Nəqliyyatı İdarəsinin məlumatına görə, təmassız ödəniş sistemi “MetroCard”ların buraxılması və onlar üçün maqnit oxuyucu qurğuların texniki xidmətinə çəkilən xərclər hesabına hər il ən azı 20 milyon dollar qənaət etməyə imkan verəcək.
“MetroCard”lar 30 ildən artıq müddətdə Nyu-Yorkun qeyri-rəsmi simvollarından biri hesab olunub və kolleksiya əşyasına çevrilib. Gediş kartları vaxtaşırı idman və mədəniyyət tədbirlərinə, yeni serialların təqdimatına və ya məşhur şəxslərə həsr olunmuş təsvirlərlə məhdud sayda buraxılırdı.







