9 C
Baku
Bazar, Oktyabr 24, 2021

Ödənişli tibbi xidmətlərin tarifləri təsdiq ediləcək

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib.

İclasda komitə sədri Əhliman Əmiraslanov 2021-ci ilin payız sessiyası üçün iş planı ilə bağlı məlumat verib. O bildirib ki, qarşıdakı sessiyada “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, həmçinin “Koronavirus (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” mövzularında dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Sonra komitədə birinci oxunuşda təqdim olunan iki qanun layihəsinə baxılıb. Bildirilib ki, komitənin müzakirəsinə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.

Komitə sədri qeyd edib ki, qanunun 10-cu maddəsinə edilən əlavəyə əsasən, “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə səhiyyədə icbari tibbi sığortanın tətbiqinin maliyyə dayanıqlığının təminatı və icbari tibbi sığorta haqlarının müəyyən məsələləri ilə bağlı hazırlanıb.

Son xəbərlər
Oxşar xəbərlər