18 C
Baku
Sunday, September 8, 2024

Ödənişsiz əldə edilən SİMA yeni nəsil rəqəmsal imzanın vətəndaşlar və şirkətlər üçün üstünlükləri!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA rəqəmsal imza haqda saytımızda yayımlanan “SİMA nədir və o bizim işlərimizi necə rahatlaşdıra bilər?” başlıqlı məqalədə qeyd olunan məlumatlarla bağlı rəsmi açıqlama verilib.

“AzInTelecom” MMC-dən Banker.az-a daxil olan məlumatda qeyd edilib ki, məqalədə mobil tətbiqin yüklənilməsi və qeydiyyat prosesinin izahı zamanı qeyri-dəqiq məlumat dərc edilib:

“Öncə, SİMA rəqəmsal imzaya maraq cəlb etdiyi üçün və onu araşdıraraq ictimaiyyətə tanıtmaq istiqamətində göstərdiyi təşəbbüsə görə media orqanına minnətdarıq. Lakin məqalənin sonuncu yarımbaşlığında təsvir olunan mobil tətbiqin yüklənilməsi və qeydiyyat prosesinin izahı zamanı müəyyən yanlışlıqlara yol verilib.

Belə ki, hazırda SİMA mobil tətbiqi həm “Android”, həm də “IOS” əməliyyat sistemi üzrə Beta versiyadan çıxıb və tam istifadəyə verilib. İstifadəçilər “Google Play Store”, yaxud “App Store”da SİMA yazaraq mobil tətbiqi yükləyə bilirlər. Bunun üçün heç bir əlavə proqram təminatına ehtiyac yoxdur.

SİMA-da qeydiyyatdan keçərək rəqəmsal imzanı əldə etməyə isə təxminən 1,5 – 3 dəqiqə vaxt sərf edilir. Bu da istifadəçilərə çox qısa zamanda və ən rahat formada elektron imza əldə etmək imkanı verir.

SİMA mobil tətbiqində qeydiyyatdan keçmək və rəqəmsal imza əldə etmək vətəndaşlar üçün tamamilə ödənişsizdir. Şirkətlərlə əməkdaşlıq üçün təklif edilən rüsumun baha olması ilə bağlı məqalədə yayımlanmış fikrə belə aydınlıq gətirək ki, həm vətəndaşlar, həm də şirkətlər SİMA-nın təqdim etdiyi xidmətlərdən bundan öncə ənənəvi formada istifadə edərkən daha çox xərc çəkmiş olurdu.

Məsələn, bankdan kredit götürmək istəyən vətəndaş filiala gedərkən müəyyən nəqliyyat xərclərinə vəsait sərf edir, bankda növbədə gözləyir, daha sonra sənədləşmə prosesində iştirak edir və bununla da vətəndaş hər şeydən qiymətli olan zamanını bu prosesə ayırır. Şirkət isə bu proseduru həyata keçirmək, kargüzarlıq və müştəri məmnuniyyətinə görə inzibati xərcləri qarşılamalı olur. Bu prosesdə hər iki tərəf üçün kağız sənədlərin itməsi, korlanması riskləri var, həmçinin şirkətlər sənədlərin daşınması, arxivləşdirilməsinə görə də əlavə xərclər çəkir.

İndi isə heç yerə getmədən, sənəd toplamadan, növbədə gözləmədən SİMA mobil tətbiqində qeydiyyatdan keçərək əldə edilən rəqəmsal imza ilə həm müştərilər, həm də şirkətlər üçün bu xərclər aradan qalxmış olur. Vətəndaşlar maksimum 3 dəqiqəyə bu prosesi yekunlaşdıraraq öz vaxtlarına və vəsaitlərinə qənaət edirlər. Şirkətlərin isə nəticədə xərcləri azalmış olur.

Lakin onu da bildirək ki, şirkətlərin SİMA ilə imzalanan sənədlər üçün müştərilərinə hər hansı komissiya tətbiq etməsinə “AzInTelecom” MMC olaraq heç bir müdaxilə etmirik.

SİMA-nın şirkətlər üçün xərclərin azaldılması, həm cari, həm də potensial müştərilərlə əməliyyatları daha rahat və sürətli edərək müştəri məmnuniyyətinin artırılması yönündə yaratdığı imkanlar tərəfdaşlarımıza ciddi rəqabət üstünlüyü yaradır.

Eyni zamanda, SİMA ilə şirkətlər həm vətəndaşlardan 24/7 rejimində müraciət qəbul edə biləcək, həm də müştərilərinə məkandan və zamandan asılı olmayaraq xidmət göstərə biləcək. Yəni gündüz iş qrafiki sıx olan vətəndaş hətta axşam saatlarında belə tətbiqə daxil olub şirkətlərin təklifləri ilə tanış olduqdan sonra xidmət və ya məhsul sifariş edə bilərlər.

Məsələn, bir iş adamı gecə saatlarında belə SİMA ilə banka kredit üçün müraciət edə biləcək. Bununla da şirkətlərin müştərilərinin sayı durmadan artacaq və yekunda daha çox gəlir əldə edəcəklər”.

SİMA mobil tətbiqi yükləyib rəqəmsal imza əldə etmək üçün:

IOS: https://apps.apple.com/app/si-ma-r%C9%99q%C9%99msal-i-mza/id1602500636

Android: https://play.google.com/store/apps/details?id=az.dpc.sima&hl=en&gl=AZ

 

 

Son xəbərlər
Digər xəbərlər