Transmilli texnologiya şirkətləri illər uzunu öz gəlirlərini xarici kapitaldan az vergi tutan yurisdiksiyalarda toplayıblar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqlamasında bildirilir ki, onlarla ölkənin hökumətləri texnoloji şirkətləri yeni rəqəmsal vergilərə cəlb etmək istəyir. Lakin birtərəfli fəaliyyətlər ikiqat vergitutmanın tətbiqinə gətirib çıxara bilər.

Qeyd edək ki, bu problem 2015-ci ildə qaldırılmış, vergi bazasının aşınmasına qarşı mübarizə üzrə G20 dövlətlərinin fəaliyyət planının bir hissəsi kimi qəbul edilmişdi. OECD-nin təqdim etdiyi son sənəddə məsələnin üç həll variantı göstərilib. Martın 1-dək bu təkliflərin ictimai müzakirələri keçiriləcək. İyun ayında tövsiyələrin hazırlanması, 2020-ci ildə isə razılaşma əldə edilməsi planlaşdırılıb. İqtisadiyyatın rəqəmsal transformasiyası texnoloji şirkətlərə özlərinin real şəkildə mövcud olmadıqları ölkələrdən məhsul və xidmətlər təklif etməyə imkan yaradır və bununla da həmin şirkətlər vergidən yayına bilirlər. “Apple”, “Facebook” kimi şirkətlər öz gəlirlərini illər uzunu xarici kapitala az vergi tətbiq edən İrlandiya və Niderland kimi ölkələrdə yığıblar.

ABŞ-ın Milli İqtisadi Araşdırmalar Bürosunun məlumatına əsasən, 2015-ci ildə transmilli şirkətlər 600 milyard dollar vəsaiti və öz gəlirlərinin 40 faizini verdi “cənnətlərinə” köçürüblər. Burada təkcə İrlandiyanın payı 100 milyard dollar təşkil edir.