Müəllif: Xəlil Əliyev, YapıKredi əməliyyat departamenti
Müasir dövrümüzdə vergidən yayınma, gəlirlərin gizlədilməsi, bank fırıldaqçılığı, narkotik qaçaqmalçılıq və s. kimi neqativ hallarla bağlı tez-tez offşor zonalar, offşor şirkətlərin adları hallanır. Maraqlıdır ki, buna baxmayaraq offşor zonaların ləğv edilməsi, tamamilə sıradan çıxarılması əvəzinə, əksinə bütün dünya üzrə yeni-yeni bu tip ərazilər, şirkətlər yaradılır. Hətta normal vergi, gömrük qanunvericiliyi olan dövlətlərdə belə (Lüksemburq, İsveçrə) şərti offşor zonalar fəaliyyət göstərir.
Qeyd edək ki, adətən offşor zonalar ayrı-ayrı dövlətlərin ada və anklav ərazilərində yaradılır və ya ada dövlətlərin özləri bütövlükdə offşor zonalar olur. Buna səbəb, bu cür dövlətlərdə təbii sərvətlərin məhdudluğu, zəif inkişaf etmiş daxili bazarlar, turizm sektorundan həddən artıq asılılıq bu dövlətlər üçün əlavə inkişaf resursları axtarılmasını zəruri etmiş və çıxış yolu kimi offşorların yaradılmasına gətirib çıxarmışdır. Offşor zonaların yaradılmasının dövlət üçün əhəmiyyəti ondan ibarətdir ki, öz ərazilərində bu cür zonalar yaratmaqla dövlət xarici investisiyaların cəlb edilməsini, yeni iş yerlərinin yaradılmasını təmin edir. Həmçinin dövlət ərazisində yaradılan offşor şirkətlərin güzəştli statusdan istifadə edərək yerli şirkətlərlə rəqabətə girməsinin qarşısını almaq üçün müəyyən addımlar atır. Belə ki, offşor şirkətlərə onların qeydiyyatdan keçdikləri dövlətin ərazisində hər hansı kommersiya əməliyyatının aparılması qadağan edilir.
Adətən vergi, gömrük və digər üstünlüklərin yalnız xarici kapitallı şirkətlərə verildiyi bu ərazilərdə eyni zamanda offşor biznesin daxili bazardan təcrid olunması üçün tədbirlər görülür. Əksər hallarda müəyyən edilir ki, offşor şirkətlərin sahibləri və səhmdarları yalnız xarici hüquqi və fiziki şəxslər ola bilər və şirkətin bütün kapitalı xaricdən idxal olunmalıdır. Offşor dövlətlərin hökumətləri xarici investisiya üçün liberal sistemlər yaratmaqla yanaşı öz daxili bazarlarını bu cür geniş üstünlüklərə malik şirkətlərdən qorumaq üçün də müəyyən tədbirlər görürlər.
Yuxarıda da qeyd etdiyimiz kimi offşor şirkətlər qeydiyyatdan keçdiyi ölkədə heç bir real fəaliyyət qurmur və bütün əsas kommersiya fəaliyyətini həmin dövlətdən kənarda həyata keçirir. Əksər şirkətlərin can atdığı başlıca məqam vergilərdən yayınmaqdır. Offşor şirkətlər üçün qeydiyyat ölkəsində kifayət qədər vergi güzəştləri mövcuddur və onlar adətən bütün yerli vergilərin ödənilməsindən azaddırlar. Onlar yalnız birdəfəlik qeydiyyat rüsumu və kommersiya fəaliyyətinin nəticələrindən asılı olmayaraq illik yığım ödəməlidirlər. Həmçinin gömrük rüsumlarının, valyuta məhdudiyyətlərinin olmaması, gəlirlərin ölkədən azad çıxarılması, nizamnamə kapitalı ilə bağlı tələblərin olmaması və ya aşağı səviyyədə olması kimi amillər də cəlbedici məqamlardır. Qeydiyyat prosesi də çox qısa zamanda həll olunur. Misal üçün, Kayman adalarında cəmi bir həftə ərzində holdinq, bank, trast, investisiya şirkəti yaratmaq mümkündür.
Offşor zonalarda xarici şirkətlərə çoxlu imtiyazların verilməsi əksər hallarda onlar tərəfindən sui-istifadə hallarına gətirib çıxarır və nəticə etibarilə offşor zonalar və orada yaradılan şirkətlər sadəcə olaraq vergilərdən yayınmaq üçün qurulmuş mürəkkəb sxemlərin tərkib hissəsi kimi çıxış etməyə başlayırlar. Çox vaxt bu sxemlər qeyri-offşor şirkətlərlə həmin şirkətlər tərəfindən anonim olaraq yaradılmış offşor şirkətlərin iştirakı ilə həyata keçirilir ki, bu sxemlər real qeyri-offşor şirkətlərin gəlirlərinin offşor şirkətlərə hesablanaraq bu yolla da vergidən yayındırılmasına gətirib çıxarır.
Müasir dövrdə offşorlardan istifadə edilməsinin mürəkkəb və çox şaxəli sxemlərindən istifadə edilir və bu sxemlər həm iştirakçı şirkətlərin qeydiyyatdan keçdikləri dövlətlərin daxili qanunvericiliklərindən, həm də həmin dövlətlərin iştirak etdikləri beynəlxalq müqavilələrin, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarından istifadə etməklə qurulur. Bunun əsas səbəbi ondan ibarətdir ki, offşor şirkətlər yalnız qeydiyyatda olduqları offşor dövlətlərdə vergilərdən azaddır, fəaliyyətin həyata keçirildiyi dövlətlərdə isə təbii ki, qanunvericilikdə nəzərdə tutulmuş vergiləri ödəməlidirlər. Buna görə də həmin şirkətlər qeydiyyatda olduqları offşorlarla özlərinin fəaliyyət göstərdikləri dövlətlər arasında olan iqtisadi sazişlərdən öz xeyirlərinə istifadə etməyə çalışırlar.
Onu da qeyd edək ki, bəzi şirkətlər üçün vergi azadolmaları o qədər də önəm kəsb etmir. Belə ki, offşor zonalarda hökm sürən bank məlumatları, depozitlər, şirkətlərin səhmdarları və təsisçiləri ilə bağlı konfidensiallıq və anonimlik rejimləri də bəzi şirkətlərin öz gəlirlərini bu ərazilərdə yerləşdirməklə offşorlardan istifadə etməsinə imkan yaradır. Misal üçün, Panamada bank hesabı açarkən ləqəblərdən (şərti adlardan) istifadə etməyə qanunla icazə verilir və bu hesablar haqqında məlumatların açıqlanmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.