16 C
Baku
Tuesday, April 30, 2024

Offşor zonalarda bankçılığın xüsusiyyətləri

Müəllif: Əfqan Quliyev

Offşor ərazilərdə bankların təsis edilməsi təcrübəsi 20-ci əsrin ortalarından sonra geniş yayılmışdır. Offşor bank mərkəzinə marağın artmasının başlıca səbəbləri kimi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə valyuta məhdudiyyətlərinin həyata keçirilməsi və valyuta nəzarətinin tətbiqini, həmçinin bank fəaliyyəti qaydalarının sərtləşməsi və onların gəlirlərinə tətbiq edilən vergilərin yüksək dərəcələrini göstərmək olar.

Müasir şəraitdə heç bir iri beynəlxalq bank birliyi güzəştli vergiqoyma zonalarında filial yaratmadan fəaliyyət göstərə bilmir.

Qeyd edək ki, valyuta məhdudiyyətləri və valyuta nəzarəti bu və ya başqa formada, praktiki olaraq, bütün inkişaf etmiş  ölkələrdə mövcuddur. Bu da yerli müştərilərə təqdi edilən xidmət sahələrinin genişləndirilməsi imkanlarını azaltmaqla yanaşı, beynəlxalq bankların beynəlxalq maliyyə əməliyyatlarında iştirakı imkanlarını məhdudlaşdırır. Müştərilərin valyuta əməliyyatlarına məhdudiyyətlərin qoyulması bu əməliyyatların ölkədən kənarda həyata keçirilməsinə səbəb olur.

Valyuta məhdudiyyətləri banklara bir çox hallarda öz real və  potensial müştərilərinə xidmətlər kompleksi təqdim etməyə  imkan vermir.Bu da bankları onların xarici rəqibləri ilə  müqayisədə pis vəziyyətdə qoyur. İqtisadi cəhətdən qeyri-sabit ölkələrin hökumətləri böhran dövrlərində tez-tez valyuta məhdudiyyətlərindən əlavə daxili resursların səfərbər edilməsi vasitəsi kimi istifadə edirlər. Baxmayaraq ki, milli bankların və digər kredit müəssisələrinin xarici qeyri-prezidentləri qarşısında öz öhdəliklərini vaxtında yerinə yetirə bilməmələri həmin ölkələrin beynəlxalq nüfuzunu aşağı salır.

Kredit müəssisələrinin fəaliyyətinin mərkəzi banklar tərəfindən tənzimlənməsi bəzi hallarda iqtisadi qərarların qəbul edilməsi üzrə kommersiya banklarının sərbəstliyini məhdudlaşdırır. Məcburi normativlər sistemi həddən artıq sərt sanksiyalar nəzərdə tutur. Bank müəssisələrinin müxtəlif növ xüsusi fondlara məcburi ödəmələri onların kredit və investisiya imkanlarını xeyli məhdudlaşdırır və əməliyyatların rentabelliyini aşağı salır. Offşor banklar isə bu problemləri həm tamamilə, həm də qismən həll edə bilir.

Offşor bank depozitorun rezidenti olduğu ölkədən kənarda yerləşməklə bir sıra vergi və hüquqi üstünlüklərə malik olur. Bu üstünlüklərə etibarlı bank sirri, aşağı səviyyəli və ya ümumiyyətlə olmayan vergiqoyma, depozitlərin çox asan qəbulu, yerli siyasi və maliyyə dayanıqsızlığına qarşı müdafiəni aid etmək olar. Vergidən yayınma və çirkli pulların yuyulması ilə əlaqədar olaraq, offşor bankçılıq bəzən “kölgə iqtisadiyyatı” və mütəşəkkil cinayətkarlıqla əlaqələndirilir. Halbuki, əsl offşor bankçılıq heç vaxt gəlirdən vergi və verginin digər növlərinin qarşısını almır.

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən ABŞ-ın vergi sistemində hər hansı vergidən yayınma halları ilə əlaqədar tətbiq olunmuş cərimələr açıq şəkildə bəyan edilir. Lakin offşor bankçılıqda bu məsələlər bir qədər fərqlidir. Yəni offşor banklar bu halları bəyan etməyi, gəliri haqqında vergi orqanlarına məlumat verməyi öz üzərlərinə öhdəlik kimi götürməmişlər.

Offşor zonalarda təsis edilən banklar milli qanunvericiliklə müəyyənləşdirilmiş məhdudiyyətlərdən yan keçərək, vəsaitləri cəlb etməklə beynəlxalq bazarlara daxil olurlar. Eyni zamanda, mənfəətlə vergiqoymanın güzəştli rejimi resursların bir yerə toplanmasına və təsisçinin məqsəd və vəzifələrinə uyğun olaraq bölüşdürülməsinə imkan yaradır. Offşor banklara verilən kreditlərdən mənfəət vergisinin yüksək dərəcələri mövcud olan ölkələrdə vergitutmanın minimumlaşdırılması üçün fəal istifadə olunur. Həmçinin, offşor zonalarda qeydiyyatdan keçmiş banklarda depozitlər üzrə hesablanan və ödənilən faizlər ödəmə mənbəyində vergiqoymadan azaddırlar.

Bir qayda olaraq, bu banklara maliyyə məhdudiyyətləri-onların fəaliyyəti qeydiyyata alınmış ölkələrin sərhədlərindən kənarda həyata keçirilən zaman-aid edilmir. Bu cür bankın təsis edilməsi və cari fəaliyyətin dəstəklənməsi zamanı vəsaitlərə xeyli qənaət imkanı əldə olunur.

Onu da qeyd edək ki, offşor zonada bankın təsis edilməsi maliyyə  əməliyyatlarının xeyli hissəsinin hər hansı beynəlxalq maliyyə-sənaye qrupu çərçivəsində offşor mərkəzlər vasitəsilə həyata keçirildiyi zaman daha çox əhəmiyyət kəsb edir. Bu halda, offşor ərazidə qeydiyyatdan keçən bank öz qrupunun müəssisələrinə xidmət həyata keçirə bilər. Aparıcı bank offşor mərkəzlərinə Kaymon adaları, Malta, Labuan (Malayziya), Madeyranı (Portuqaliya) göstərmək olar.

Offşor bank mərkəzlərində fəaliyyət şəraiti fərqli olur. Təsis edilən bankın vergiqoymadan azad edilməsinə və  ya güzəştli status almasına, eyni zamanda hüquqi əsaslarına xüsusi diqqət yetirilir. Belə ki, Kaymon adaları klassik offşora aiddir. Burada gəlirlərə vergiqoyma sistemi mövcud deyil. Həmin ərazilərdə işləyən bank öz fəaliyyətini həyata keçirərkən müəyyən edilmiş həddlərdən kənara çıxdığı hallarda, vergiyə görə cərimə sanksiyalarının tətbiqi qeyri-mümkündür. Misal üçün, ABŞ-ın Cersi və Hernsi adaları müvafiq ərazilərdən kənarda fəaliyyət göstərdiyi hallarda, qeyri-prezidentlərin gəlirlərinə vergiqoyma üçün güzəştli vergiqoyma rejimi sistemləri tətbiq olunur. Müəssisənin bu cür offşor zonada qeydiyyatdan keçdiyi, həmin ərazidə yerləşən mənbələrdən gəlir əldə etdiyi sübuta yetirilərsə, onda bu gəlirlər müəəyən edilmiş ümumi qaydalara uyğun vergiyə cəlb edilir. Qeyd edək ki, göstərilən offşor ərazilərdə vergiqoymanın ümumi şərtləri güzəştlidir. Cersi adasında rezident fiziki şəxslərin gəlirlərinə olan maksimum vergi dərəcəsi 20 faiz təşkil edir. Bu cür dərəcə rezident hüquqi şəxslərin mənfəətinə də tətbiq edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər