16 C
Baku
Monday, April 15, 2024

“Ölkə yağlı “əppək”dir, daraşıb talayırlar”

“Ürəyim yanır, danışıram. Mənə istisnalar olmaqla sahə göstərilsin ki, orada rüşvət, özbaşınalıq və libasını dəyişmiş korrupsiya yoxdur. Desinlər görək harada büdcə talançılığı yoxdur, oğurluq etmirlər, vəzifələrini isə qanunda yazılan kimi edirlər? Qoy mətbuatda çıxış edib desinlər ki, mən siz deyən kimi deyiləm, əmək haqqımla dolanıram, sərvətim aylıq maaşımla formalaşıb”.

Bunu deputat Razi Nurullayev parlamentdəki çıxışında korrupsiya ilə bağlı fikirlərini bildirərkən deyib. Millət vəkili sözlərinə belə davam edib:

“Qoy mən də öyrənim onu, qoy vətəndaşlar da öyrənsin ki, maaşla məmur necə milyoner olur?! Min, on min, yüz min hektarlarla torpaq sahəsinin sahibi necə olur, meşələri, dənizi hasarlayır, əməkhaqqı ilə onlarla, yüzlərlə mülk, zavod, fabrik sahibi olur, maaşla xaricdə adaları necə alır axı? Bu ölkənin əksəriyyət vətəndaşı bu qədər sərvət istəmir, normal və ədalətli həyat istəyir.

Ona görə belə danışıram ki, cənab Prezidentin tapşırıqları da xalqı razı salacaq səviyyədə yerinə yetirilmir. Hər çıxışında nə qədər xəbərdarlıq edilir. Prezident təyinat edir, amma insanın içini görmək olmur axı. Sonrakı addımlar yalnız Prezident İlham Əliyevin məsuliyyəti deyil. Biz deputatlar da çılpaq həqiqətləri deməliyik. Ölkə yağlı “əppək”dir, daraşıb talayırlar. Biznes imtiyazla, iş imtiyazla, vəzifəyə təyin etdirmə kimlərinsə monopoliyasında, hara əl atsan, hamısı tutulub, qalanları ac qalmamaq, ölməmək üçün yaşamalıdır. Xahişsiz, minnətsiz “əppəy”i parçalayırlar. Xahiş edən mənim, sənin kimi olur, onun da bir xahişini ala başına-kül başına edib yola verirlər, qalanını bəhanələrlə etmirlər, seçiciyə görə minnət də qoyurlar. Bu ölkəni talayanların, bu ölkənin varidatını oğurlayanların, bu ölkədə qeyri-qanuni yollarla varlananların bu dövlətin qurulmasında ya rolu yoxdur, ya da azdır”.

Son xəbərlər
Digər xəbərlər