20 C
Baku
Sunday, April 14, 2024

Ölkədə ayaqqabı istehsalını stimullaşdıran dövlət tədbirlərinə ehtiyac var

Azərbaycan müstəqillik əldə edəndən az sonra demək olar ki, bütün ayaqqabı fabrikləri özəlləşdirilib, daha sonra isə fəaliyyətini dayandırıb. Hazırda yerli istehsalı kiçik müəssisələr, emalatxanalar davam etdirir. Dövlət Statistika Komitəsindən sorğumuza verilən cavaba görə, ölkədə 15 ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir. Ötən il onların istehsalı cəmi 185,6 min cüt ayaqqabı təşkil edib. Fərdi emalatxanalarla birlikdə istehsal 202,1 min cüt olub. Bu ilin altı ayında isə müəssisələr tərəfindən 67,1 min cüt, fərdi emalatxanalar tərəfindən isə 6,2 min cüt ayaqqabı istehsal edilib. Lakin apardığımız araşdırmalar göstərir ki, bu rəqəmlər real istehsalı tam əhatə etmir. Belə ki, fərdi şəkildə ayaqqabı tikən fiziki şəxslərin istehsalının böyük əksəriyyəti qeydiyyatdan yayındırılır. Eyni zamanda, kölgə iqtisadiyyatının payının yüksək olduğu bir şəraitdə yarımgizli sexlərin, hətta leqal müəssisələrin də istehsal həcminin tam uçota alınmadığı qarşılaşdığımız mənzərədir.

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, Azərbaycanda dəri məmulatlarının növləri arasında əsasən ayaqqabı istehsalı geniş yayılıb: “Azərbaycan əhalinin bir nəfərinə düşən ayaqqabı cütünün istehsal həcminə görə MDB ölkələri arasında sonuncu yerləri tutur. MDB ölkələri arasında ilk yerləri bölüşən Belarus və Qırğızıstanda ayaqqabı istehsalının həcmi adambaşına 1 cüt olduğu halda Azərbaycanda əhalinin hər 100 nəfərinə 1 cüt ayaqqabı istehsal olunur”.

Aparılmış müsahibələr və müşahidələr göstərir ki, məhdud həcmdə dəri məmulatlarının istehsalında idxal olunan dəri xammalından istifadə olunur: “Bunun əsas səbəbi yerli xammalın keyfiyyətinin lazımi səviyyədə olmamasıdır. Ölkəyə idxal olunan dəri məmulatlarının, o cümlədən ayaqqabıların, dəri geyimlərinin isə keyfiyyəti yoxlanılmır. Bu isə ucuz və keyfiyyətsiz malların ölkəyə yol tapmasına, yerli istehsalı sıxışdırıb bazardan çıxartmasına gətirib çıxarır”.

Ayaqqabıların natura ifadəsində istehsalının həcmi ilə bağlı statistik məlumat yerli ayaqqabı istehsalının kəskin azaldığını əks etdirir. 2009-cu ildə 857,8 min cüt ayaqqabı istehsal olunduğu halda 2017-ci ildə 202,1 min cütə qədər azalıb. MDB ölkələri arasında ayaqqabı istehsalının həcminə görə Azərbaycan sonuncu yerləri tutur. Qonşu ölkələr arasında ən çox ayaqqabı Rusiyada istehsal olunur. Bu ölkədə 2015-ci ildə 90,3 milyon cüt ayaqqabı istehsalı olunub. Bundan başqa, Ukraynada 22,3 milyon cüt, Belarusda 9,9 milyon cüt, Qırğızıstanda isə 6,1 milyon cüt ayaqqabı istehsal olunub.

Ekspert bildirir ki, ölkəyə idxal olunan dəri məmulatlarının, o cümlədən ayaqqabıların keyfiyyəti yoxlanılmır: “Sahibkarlar malın qiymətinin ucuz olması üçün xaricdən yüksək keyfiyyəti olmayan mallar gətirirlər. Həmin mallar qiymət baxımından yerli istehsalı sıxışdırıb çıxarır. Ancaq həmin məmulatların keyfiyyətinin aşağı olması sonra istehlakçılarda müxtəlif xəstəliklər yaradır. Nazirlər Kabinetinin 2016-cı ildə qəbul etdiyi qərarı ilə dəri məmulatlarına daxil olan ayaqqabılar sanitar nəzarətinə aid malların siyahısına daxil edilsə də, reallıqda ayaqqabılar nəzarətdən kənarda qalıb”.

Daxili istehsalın idxal xammalından asılı olmasına rəğmən, yerli xammal ixrac olunur. Rəsmi məlumatlara görə, ötən il Azərbaycandan xaricə 14 milyon 979.06 min dollarlıq emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri ixrac olunub. Bu məhsulların idxalı isə 499  min dollar təşkil edib. Bu ilin yanvar-iyununda isə ixrac 6 milyon 957.68 min dollar,  idxal isə 496.58  min dollar təşkil edib. İxracın böyük hissəsi İtaliyayadır.

Azərbaycan ayaqqabını ən çox Çindən idxal edir. Ayaqqabı məmulatlarının 35,4 faizi  bu ölkədən gətirilir. İkinci yerdə Türkiyə, üçüncü yerdə İtaliya gəlir. Ötən il Azərbaycana 67 milyon 11.62 min dollarlıq ayaqqabılar, getrlər və analoji məmulatlar, onların hissələri idxal olunub. Bu məhsulların ixracı isə cəmi 331.37 min dollar təşkil edib. Cari ilin birinci yarısında analoji məhsulların idxalı 35 milyon 524.3  min dollar, ixracı isə 84.94 min dollar olub. Maraqlıdır ki, Azərbaycandan ayaqqabıların demək olar ki, hamısı Türkmənistana ixrac olunur.

S.Əliyev qeyd edir ki, ölkədə ayaqqabı istehsalını stimullaşdıran dövlət tədbirləri davam etdirilməlidir: “Bu baxımdan, yüngül sənaye sektorunun, o cümlədən dəri məmulatları sənayesinin inkişafına fokuslaşmış dövlət proqramının qəbul edilməsi vacibdir. Bundan əlavə,  idxal olunan dəri məmulatlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi və müvafiq milli keyfiyyət standartlarının qəbulu, dəri xammalının ixracını məhdudlaşdıran fiskal tədbirlərin davam etdirilməsi zəruridir. Milli brendlərin yaradılması, tanıdılması və onlara inamın artırılması üçün infrastrukturun, stimullaşdırma və keyfiyyətə nəzarət mexanizmlərinin yaradılması, dəri məmulatlarının rəqabət qabiliyyətini artıran, yüksək enerji, əmək və materialtutumlu istehsalı aradan qaldırmağa imkan verən müasir texniki və texnoloji yeniliklərin ölkəyə gətirilməsinin dövlət tərəfindən stimullaşdırılması da vacib tədbirlərdəndir”.

– Yeni Musavat Qəzeti

Son xəbərlər
Digər xəbərlər