17 C
Baku
Wednesday, October 22, 2025

Ölkədə son dörd ildə 1.3 mln. qoyun ‘yox olub’, bu, kritik səviyyədir: Bazarda qiymətlər isə “əl yandırır”

Son 5 ildə Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında azalma davam edir, təbii olaraq qiymətlərdə az təklif fonunda yüksəlir.

Banker.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2021-ci ilin yanvarında ölkədə 2 milyon 650,7 min baş iribuynuzlu mal-qara mövcud idisə, 2025-ci ilin oktyabrına olan vəziyyətə görə bu göstərici 2 milyon 438,8 min başa enib. Beləliklə, son dörd il yarımda iribuynuzlu heyvanların sayı 211,9 min baş və ya təxminən 8 faiz azalıb.

Bu azalma inək və camışların sayında da özünü göstərir. 2021-ci ilin əvvəlində 1 milyon 280,5 min baş olan bu qrup heyvanların sayı 2025-ci ilin oktyabrında 1 milyon 218 min başa düşüb. Yəni 4 il ərzində təxminən 62,5 min baş və ya 4,9 faiz azalma qeydə alınıb.

Xırdabuynuzlu heyvanlar üzrə geriləmə daha kəskindir. 2021-ci ilin yanvarında ölkədə 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin oktyabrında bu rəqəm 6 milyon 763,7 min başa qədər azalıb. Bu, 1 milyon 326 min başlıq və ya 16,4 faiz azalma deməkdir.

5665

Son illərdə qoyun və iribuynuzlu heyvanların sayında müşahidə olunan azalma bazarda qiymətlərə birbaşa təsir edib. 2021-ci ilin əvvəlində 1 kiloqram qoyun ətinin qiyməti orta hesabla 11,9 manat idisə, 2025-ci ilin sentyabrında bu göstərici 18,7 manata yüksəlib — yəni təxminən 57 faiz artım baş verib. Mal ətində isə qiymət 10,5 manatdan 15,8 manata qalxıb, bu da 50 faizə yaxın bahalaşma deməkdir. Beləliklə, heyvan sayındakı azalma qiymət artımında daha kəskin şəkildə özünü göstərib.

Son xəbərlər
Digər xəbərlər