Ölkəyə əlavə olaraq 57 min ton gübrənin gətirilməsi nəzərdə tutulur

Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə verilən funksiyalardan biri də mineral gübrələrin və pestisidlərin respublikaya gətirilərək kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə satmaqdır. “Aqrolizinq” xətti ilə gətirilən mineral gübrələr və pestisidlər hesabına kənd təsərrüfatı istehsalçılarının mineral gübrələrə olan tələbatı yaxşılaşdırılıb, aqrotexniki xidmətin dairəsi genişlənib.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynov AZƏRTAC-a bildirib ki, bu ilin ötən dövründə cəmiyyət tərəfindən 120 min ton mineral gübrənin alınması üçün müqavilələr bağlanıb və indiyədək mineral gübrələrin 99,8 faizinin respublikaya gətirilməsi təmin olunub.

“Qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatının inkişafı, iri taxılçılıq təsərrüfatlarının, aqroparkların yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə qaytarılması, tütünçülük, baramaçılıq, çəltikçilık, üzümçülük və sair sahələrin inkişafı ilə əlaqədar Dövlət proqramlarının icrası ilə bağlı fermerlərin mineral gübrələrə tələbatı da gündən-günə artır. Bu artımı nəzərə alan “Aqrolizinq” tərəfindən yenidən 57 min ton mineral gübrə alınması üçün tender keçirilib və hazırda gübrələrin alınması proseduru davam edir”, – deyə şöbə müdiri bildirib.

Musa Hüseynov qeyd edib ki, kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün torpaqların münbitliyinin bərpa olunması fermerlərin daim diqqət mərkəzində olmalıdır: “Fermerlərə mineral gübrələrdən istifadə etməzdən əvvəl öz əkin sahələrindən götürülmüş torpaq nümunələrini analizə verməyi tövsiyə edirik. Torpaqlarda əsas tələb olunan mineral elementlər – azot, fosfor, kalium və digər mikroelementlərdir. Analizlər bu elementlərdən hansına daha çox ehtiyac olduğunu müəyyənləşdirir”.

Şöbə müdiri deyib ki, bu gün “Aqrolizinq” tərəfindən ölkəmizə ən çox tələb olunan ammofos gübrəsi gətirilir. Bu gübrə bitkilərin həm məhsuldarlığını artırır, həm də onun meyvə, çiçək və tumurcuqlarının inkişafına kömək edir.