Azərbaycanda pensiya təminatı sisteminin dayanıqlığının təhlili zamanı nəzərə alınan elementlərdən biri də əmək qabiliyyətli yaşda (20-64 yaş) olan hər 100 nəfərə düşən 65 və yuxarı yaşda olan şəxslərin sayıdır. Banker.az bildirir ki, bu barədə Hesablama Palatasının İşsizlikdən sığorta fondunun 2024-cü il üçün büdcə layihəsinə rəyində qeyd edir.
Yaşlı əhalinin əmək qabiliyyətli yaş qrupuna nisbəti kimi müəyyənləşdirilən, ölüm, doğum və miqrasiyadan asılı olaraq dəyişən bu demoqrafik göstərici əhalinin ümumi yaşı artdıqca qocalmış əhali ilə bağlı artan ehtiyacların dəstəklənməsində əmək qabiliyyətli əhalinin iştirak payını əks etdirmək məqsədi daşıyır.
“Nisbətin aşağı olması işçi qüvvəsindən asılı əhalini dəstəkləyə biləcək kifayət qədər insanın olduğunu göstərir. Aşağı nisbət eyni zamanda yaşlı insanlar üçün yüksək pensiyalar deməkdir. Nisbətin yüksək olması isə əksinə, asılı əhalinin daha çox hissəsinin işçi qüvvəsi tərəfindən dəstəklənməsinə zərurətin olduğunu göstərir ki, bu da nəticədə fondun gəlirlərinin daha çox hissəsinin əhaliyə ödənişlərə yönəldilməsi deməkdir”- deyə, rəydə deyilir.
Palata müqayisə olaraq bir neçə ölkəni misal gətirir və 2020-ci il üzrə 65 yaşdan yuxarı hər 100 nəfərə düşən yaşı 65-ı keçmiş pensiyaçılar üzrə ölkələrdən Azərbaycana bir qədər Türkiyə yaxındır. Türkiyədə bu faiz nisbəti 15.2%-dir. Şimal qonşumuz Rusiyada isə bu göstərici 25.3% təşkil edib.
Azərbaycanda bu göstərici 2020-ci ildə 10.4%, 2021-ci ildə 10.9%, 2022-ci ildə 11.5%, cari ildə isə 12.2% olmuşdur.
“Nisbətin artan tendensiya üzrə davam etməsi digər ölkələrdə olduğu kimi Azərbaycanda da yaşlanmanın baş verdiyini əks etdirir”- deyə, Palata qeyd edir.
POTENSİAL İŞÇİ QÜVVƏSİNİN SAYI AZALIR
Bildirilir ki, potensial işçi qüvvəsi hesab edilən 0-15 yaş intervalında olan şəxslərin sayı 2021-ci illə müqayisədə 2022-ci ildə 1.7% azalıb.
“Statistik hesabatlara əsasən 2011-ci ildən başlayaraq yeni doğulan uşaqların sayında nəzərəçarpacaq azalmanın baş verməsi və bunun davamlı olma ehtimalının yüksək olması öz növbəsində potensial işçi qüvvəsi hesab edilən 0-15 yaş intervalında olan şəxslərin də sayının gələcək dövrdə azalma dinamikasına sahib olacağını deməyə əsas verir”.
0-15 yaş intervalında olan şəxslərdən fərqli olaraq 2021-ci illə müqayisədə 2022-ci ildə 65 yaşdan yuxarı yaşda olan şəxslərin sayı isə 12.7% artıma sahib olmuşdur. Qeyd edək ki, yeni doğulmuş uşaqların sayının azalması fonunda 65 yaşdan yuxarı yaşda olan əhalinin sayında müsbət dinamikanın mövcudluğu əhali arasında yaşlanmanın baş verdiyini əks etdirir ki, bu da eyni zamanda daha çox şəxsin pensiya ilə təmin edilməsi deməkdir.
“Təqdim edilmiş məlumatların təhlili göstərir ki, cari ilin əvvəli ilə müqayisədə birinci yarısında ümumi pensiyaçıların sayının azalmasına baxmayaraq 65 yaşdan yuxarı yaşda olan pensiyaçıların sayı 2.5% artıma sahib olmuşdur”.
Palata deyir ki, 2023-cü ilin müvafiq dövründə 65 yaşdan yuxarı yaşda olan pensiyaçıların sayında baş vermiş artım bütün pensiya növlərini əhatə edib: “Belə ki, yaşa görə pensiya növündə artım 0.7%, əlilliyə görə pensiya növündə 11.3%, ailə başçısını itirməyə görə pensiya növündə isə 11.8% olub. Qeyd edək ki, yaşa görə pensiya növündə artım tempinin aşağı olması göstərilən yaş intervalında olan şəxslərin müəyyən hissəsinin pensiyasının yaşa görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə dəyişdirməsi və ya yaşa görə pensiya təyinatı üçün tələb olunan yaş həddinə çatdıqda birbaşa olaraq şəxsə istəyi əsasında ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə bağlıdır”.
Rəydə o da vurğulanır ki, fond tərəfindən əmək pensiyalarının davamlı olaraq ödənilməsi üzrə fəaliyyət strategiyasının qurulması zamanı pensiyaçılar üzrə uzunömürlülük riskinin də nəzərə alınması zəruridir.
“Uzunömürlülük riski gözlənilən ömür uzunluğu və ölüm nisbətləri arasında mütənasibliyin pozulması halında fondun üzləşdiyi riskdir. Əhalinin qocalması, pensiya yaşına çatan insanların sayının artması uzunömürlülük riskini artıran faktorlardan hesab edilir”.