1 iyul tarixində Azərbaycanda pul bazası 11 580,6 mln manata çatıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədə pul bazası ilin əvvəlində 438 mln manat və yaxud 4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 251 mln manat yaxud 13% artıb.
O cümlədən, dövriyyədə olan nağd pullar artaraq 10 905,9 mln manata, bank ehtiyatları isə 663,3 mln manata çatıb.
Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da dəyişiklər olub. Belə ki, sərbəst bank ehtiyatları 110 mln manat artaraq, 530,1 mln manata, məcburi ehtiyatlar isə 46 mln manat azalaraq, 133,2 mln manata çatıb.
Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.